"Amerika Birləşmiş Ştatları ilə Rusiya Federasiyası arasındakı münasibətlər son illərdə ciddi şəkildə pisləşməkdə davam edir. Xüsusilə 2014-cü ildə Rusiyanın Krımı qanunsuz ilhaq etməsi və Donbas bölgəsində separatçıları dəstəkləməsi ilə başlayan gərginlik, zaman keçdikcə daha da dərinləşmiş və nəticədə beynəlxalq təhlükəsizlik üçün ciddi təhdidə çevrilmişdir". Bu sözləri SİA-ya açıqlamasında politoloq Məhəmməd Əsədullazadə deyib.
Onun sözlərinə görə, Donald Tramp administrasiyası dövründə ABŞ-Rusiya münasibətlərində müəyyən mülayimlik müşahidə olunsa da, bu tendensiya davamlı olmadı. Trampın fərdi səviyyədə Rusiya prezidenti Vladimir Putinlə dialoq qurmaq cəhdləri və bəzi sahələrdə əməkdaşlıq imkanlarını yoxlaması, əslində ABŞ-ın institutlaşmış dövlət siyasətini əks etdirmirdi. ABŞ Konqresi, Pentaqon və kəşfiyyat orqanları Rusiyanı açıq şəkildə əsas rəqib və təhlükə kimi qiymətləndirməkdə davam edirdilər. Trampın Ukrayna məsələsində müəyyən yumşalma cəhdlərinə baxmayaraq, Putin bu çağırışlara nə cavab verdi, nə də kompromisə yanaşdı. Bu isə əslində, Rusiya rəhbərliyinin Qərblə dialoqa hazır olmadığını bir daha nümayiş etdirdi.
Hazırda Rusiya daha çox NATO-ya qarşı təhdidkar addımlar atır. Xüsusilə NATO ölkələrinin hava sərhədlərini pozmaqla, bölgədə gərginliyi artırır. Ümumiyyətlə, Rusiya artıq Qərbdə və digər regionlarda Amerika üçün "ekzistensial təhlükə" hesab olunur. Bu səbəbdən ABŞ və onun müttəfiqləri Ukraynaya tam dəstək verir. NATO da Ukraynaya hüquqi və hərbi yardım imkanlarını genişləndirir. Putin isə bu prosesdən narahatdır. Onsuz da gərgin olan Rusiya-Qərb münasibətləri daha da gərginləşməkdədir. Bu gedişlə münasibətlərin yaxın zamanda normallaşması gözlənilmir. Çünki Rusiya nə danışıqlara gəlir, nə də kompromisə meyllidir. Hazırda proses gərgin xətt üzrə davam edir və Ukrayna artıq Rusiyaya qarşı daha sərt cavablar verməyə başlayır. Rusiya ilə münasibətlərin gələcək perspektivi isə hələlik müzakirə və sual altındadır".