““Böyük Qayıdış” tarixi yaddaşa və mənəvi dəyərlərə qayıdışdır“ - ŞƏRH OLUNDU

8 Oktyabr 2025 17:11 (UTC+04:00)

“44 günlük Vətən müharibəsində əldə etdiyimiz tarixi Zəfərimizdən sonra qarşımızda dayanan ən mühüm vəzifə işğaldan azad olunmuş ərazilərimizin bərpası və torpaqlarımıza həyatın sözün əsl mənasında qaytarılması, yəni “Böyük Qayıdış”ın təmin edilməsi olmuşdur. İlk növbədə onu qeyd etmək lazımdır ki, “Böyük Qayıdış” konsepsiyası yalnız infrastruktur layihələrindən ibarət deyil. Bu konsepsiya Azərbaycanın milli maraqlarına, strateji inkişaf hədəflərinə və tarixi ədalətin bərpasına əsaslanan sistemli yanaşmanın ifadəsidir”. Bu sözləri SİA-ya açıqlamasında politoloq Aytən Qurbanova deyib.

O bildirib ki, cənab Prezidentin qətiyyətli siyasi iradəsi, uzaqgörən liderliyi və güclü dövlət idarəçiliyi sayəsində həyata keçirilən bu siyasət beş il ərzində böyük nəticələr vermiş və beləliklə də, Qarabağ və Şərqi Zəngəzur Azərbaycanın yeni inkişaf mərkəzlərinə çevrilmişdir: “Təbii ki, “Böyük Qayıdış” prosesinin ilk mərhələsində diqqət əsasən azad olunmuş ərazilərin infrastrukturunun bərpasına yönəldilmişdi. Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında genişmiqyaslı bərpa-quruculuq işləri aparılmış, eləcə də müasir texnologiyalara əsaslanan “ağıllı kənd” və “ağıllı şəhər” konsepsiyaları tətbiq olunmuşdur. Füzuli, Zəngilan və Laçın şəhərlərində qısa müddət ərzində yeni yaşayış massivlərinin, sosial obyektlərin və ictimai infrastrukturun formalaşdırılması buna bariz nemunədir. Həmçinin regionun nəqliyyat-logistika potensialını artırmaq məqsədilə Füzuli, Zəngilan və Laçın beynəlxalq havalimanları inşa olunaraq istifadəyə verilmişdir. Bu havalimanları azad olunmuş ərazilərin beynəlxalq nəqliyyat şəbəkəsinə inteqrasiyası nöqteyi-nəzərindən mühüm əhəmiyyətə malikdir. Digər tərəfdən isə Şuşa və Xankəndiyə gedən “Zəfər Yolu”nun, habelə digər strateji avtomobil və dəmir yollarının tikintisi Azərbaycanın bu torpaqlar üzərində suverenliyinin möhkəmləndirilməsi və ərazilərin təhlükəsiz şəkildə məskunlaşdırılması istiqamətində həlledici addımlar olmuşdur.

Şübhəsiz ki, “Böyük Qayıdış” yalnız torpaqlara deyil, eyni zamanda milli kimliyə, tarixi yaddaşa və mənəvi dəyərlərə qayıdışdır. 2023-cü ildən etibarən Laçın, Füzuli və Zəngilan şəhərlərinə yüzlərlə ailə qayıtmış, həmin ərazilərdə məktəblər, uşaq bağçaları, səhiyyə müəssisələri, mədəniyyət və sosial xidmət obyektləri fəaliyyətə başlamışdır. Bu isə dövlətin sosial rifah siyasətinin işğaldan azad olunmuş torpaqlara tətbiqi baxımından mühüm mərhələdir. Eləcə də, ərazilərin minalardan və partlamamış sursatlardan təmizlənməsi istiqamətində genişmiqyaslı tədbirlər həyata keçirilir. Bu çətin və təhlükəli proses ANAMA və beynəlxalq tərəfdaş qurumların iştirakı ilə koordinasiyalı şəkildə aparılır. Beləliklə də, təmizləmə işləri bərpa-quruculuq və məskunlaşdırma prosesinin təhlükəsiz şəkildə həyata keçirilməsini təmin edir.

Məlum olduğu kimi 2023-cü ilin sentyabr ayında həyata keçirilmiş lokal antiterror tədbirləri nəticəsində Azərbaycanın Qarabağ bölgəsində separatçılığa son qoyulmuş və Konstitusiya quruluşu tam şəkildə bərpa edilmişdir. Cəmi 23 saat davam edən bu tədbirlər Azərbaycanın peşəkar ordu quruculuğunun, daxili sabitliyinin və güclü dövlət institutlarının aydın ifadəsi olaraq tarixin ən şanlı səhifələrində öz əksini tapmışdır. Bu hadisə yalnız hərbi və təhlükəsizlik nöqteyi-nəzərindən deyil, həmçinin hüquqi və beynəlxalq diplomatik müstəvidə də mühüm nəticələr yaratdı. Azərbaycan bir daha nümayiş etdirdi ki, öz ərazi bütövlüyünü və suveren hüquqlarını istənilən vasitə ilə təmin etməyə qadir güclü dövlətdir. Prezident İlham Əliyevin təşəbbüsü ilə Qarabağ və Şərqi Zəngəzurun “yaşıl enerji zonası” elan edilməsi regionun günəş, külək və hidroenerji potensialı əsasında alternativ enerji layihələrinin uğurla həyata keçirilməsini təşviq edən mühüm addımlardan biridir. Bu layihələr həm ətraf mühitin mühafizəsinə, həm də Azərbaycanın enerji keçidi siyasətinə tam uyğunluq təşkil edir. Həmçinin Ermənistanın işğal dövründə törətdiyi ekoloji cinayətlərin nəticələrinin aradan qaldırılması, meşə örtüyünün və biomüxtəlifliyin bərpası istiqamətində tədbirlər görülür. Qarabağ yalnız Azərbaycan dilbər guşəsi deyil, eyni zamanda mədəniyyətimizin beşiyi və xalqımızın mənəvi yaddaşıdır. Beynəlxalq festival, forum və konfransların Qarabağda təşkili bu torpaqların qlobal mədəniyyət mərkəzinə çevrilməsi istiqamətində atılan mühüm addımlardır.

Nəticə etibarilə, beş il ərzində həyata keçirilən “Böyük Qayıdış” siyasəti bir daha təsdiq etdi ki, bu proses yalnız keçmişə qayıdış deyil, eyni zamanda gələcəyə doğru inamla irəliləmək, Azərbaycanın dayanıqlı və inklüziv inkişaf modelini formalaşdırmaq deməkdir. Prezident İlham Əliyevin söylədiyi kimi: “Biz Qarabağı cənnətə çevirəcəyik!” Artıq bu çağırış söz olaraq yox, əməli nəticələrlə öz təsdiqini tapmaqdadır. Ona görə də, Qarabağda həyata keçirilən quruculuq işləri yalnız işğaldan azad olunmuş torpaqlarımızın deyil, bütövlükdə Azərbaycanın inkişafının simvoluna çevrilmişdir”.