AzMİU tələbələri Qazaxıstan təcrübəsini öyrəniblər

8 Oktyabr 2025 16:53 (UTC+04:00)

Azərbaycan Memarlıq və İnşaat Universiteti (AzMİU) beynəlxalq elmi əməkdaşlıq istiqamətində fəaliyyətini davam etdirir. Bu çərçivədə Qazaxıstan Respublikasının Qızılorda Universitetinin professoru Emirbek Umbetulı AzMİU-nun Meliorasiya və su təsərrüfatı tikintisi kafedrasında ezamiyyətdə olub. AzMİU-dan SİA-ya bildirilib ki, ezamiyyət müddətində qazaxıstanlı professor tələbələr üçün “Urbanizasiya və su ehtiyatlarının rəqəmsallaşdırılması” mövzusunda master-klas da keçib. Professor Emirbek Umbetulı urbanizasiya proseslərinin su ehtiyatlarının idarə edilməsinə təsiri, bu sahədə müasir idarəetmə yanaşmaları, rəqəmsal platformalar vasitəsilə su resurslarının monitorinqi və modelləşdirilməsi kimi aktual məsələlər barədə geniş məlumat verib. O, Qazaxıstan təcrübəsindən konkret nümunələr əsasında çıxış edərək, iştirakçılarda bu mövzuya dərin maraq yaradıb.

Tələbələr master-klas zamanı urbanizasiya və su ehtiyatlarının idarə olunması mövzusunda praktiki biliklər qazanıb, suallar verərək elmi diskussiyalarda fəal iştirak ediblər. Görüşdə su ehtiyatlarının səmərəli istifadəsi, iqlim dəyişiklikləri fonunda dayanıqlı inkişaf prinsipləri və rəqəmsallaşmanın tətbiq imkanları ətrafında müzakirələr də aparılıb.