“Gəncə terroru Azərbaycan xalqının iradəsini sındıra bilmədi“ - MÖVQE BİLDİRİLDİ

8 Oktyabr 2025 16:35 (UTC+04:00)

“Gəncə şəhərinə raket hücumlarının baş verməsindən 5 il keçir. 2020-ci ilin payızında Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın ikinci ən böyük şəhəri olan Gəncəyə məqsədyönlü şəkildə ballistik raket zərbələri endirilib. Bu hücumlar nəticəsində onlarla dinc sakin həlak olub, yüzlərlə insan yaralanıb, çoxsaylı yaşayış binaları və mülki infrastruktur obyektləri tamamilə dağıdılıb”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Azər Kərimli deyib.

Deputat bildirib ki, Ermənistan silahlı qüvvələrinin 2020-ci il oktyabrın 11-i və 17-si tarixlərində həyata keçirdiyi raket hücumları beynəlxalq humanitar hüququn, o cümlədən Cenevrə Konvensiyalarının tələblərinin kobud şəkildə pozulması ilə yadda qalıb: “Gəncə şəhərində hər hansı hərbi obyektin mövcud olmamasına baxmayaraq, Ermənistan tərəfi mülki əhalinin sıx yaşadığı əraziləri hədəfə alıb. Bu, Ermənistanın Azərbaycan xalqına qarşı həyata keçirdiyi açıq-aşkar terror aktı idi. Gəncə terroru nəticəsində dağıntılar böyük miqyas alıb. Həlak olanlar arasında uşaqlar, qadınlar və yaşlı insanlar olub. Hücumlar zamanı bir çox ailələr bir anda məhv edilib, yaşayış binaları tamamilə yerlə-yeksan olub. Bu bütün Azərbaycanın tarixinə faciəvi bir səhifə kimi düşüb.

Azərbaycan dövləti və xalqı həmin günlərdə böyük həmrəylik nümayiş etdirib. Faciədən dərhal sonra dövlət qurumları tərəfindən xilasetmə və bərpa işlərinə başlanılıb, zərərçəkmiş ailələrə maddi və mənəvi dəstək göstərilib. Eyni zamanda, Ermənistanın bu hərəkətləri beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılıb və onun törətdiyi müharibə cinayətlərinə obyektiv qiymət verilməsi istiqamətində mühüm addımlar atılıb. Gəncə terroru, Ermənistanın döyüş meydanında məğlubiyyətini dərk etdikcə, öz aqressiyasını mülki əhaliyə yönəltməsinin bariz nümunəsidir. Bu hadisə bir daha sübut edir ki, regionda sülh və təhlükəsizliyin təmin edilməsi üçün ədalətli mövqe və beynəlxalq hüququn prinsiplərinə əməl olunması vacibdir.

Bu gün, Gəncə terrorundan 5 il sonra, faciə qurbanlarının xatirəsi dərin hörmət və ehtiramla anılır. Hücumlar zamanı həlak olanların xatirəsi xalqımızın yaddaşında əbədi yaşayacaq, bu hadisənin məsuliyyətini daşıyan şəxslər isə gec-tez beynəlxalq hüquq qarşısında cavab verməlidir. Gəncə terroru Azərbaycan xalqının iradəsini sındıra bilmədi. Əksinə, xalqımız bu faciə qarşısında daha da birləşərək öz suverenliyini və ərazi bütövlüyünü qorumaq əzmində olduğunu nümayiş etdirdi”.