"Azərbaycan Prezidenti cənab İlham Əliyevin Danimarkaya sonuncu işgüzar səfəri Avropa Siyasi Birliyinin 7-ci Zirvə Toplantısı ilə əlaqədar olmuşdu". Bu sözləri SİA-ya açıqlamasında siyasi şərhçi Taleh Əliyev deyib.
O bildirib ki, lakin bu tədbirlə paralel olaraq zirvə toplantısında iştirak edən Avropa ölkələrinin liderləri ilə keçirilən ikitərəfli və çoxsaylı görüşlər Azərbaycanın Avropa məkanındakı yerinin və rolunun kifayət qədər yüksək olmasının göstəricisi kimi qiymətləndirilə bilər: "Nəzərə alsaq ki, son illər münasibətlərin gərgin olduğu Fransa Prezidenti ilə də Azərbaycan Prezidentinin birbaşa görüşü baş tutmuşdu, bu, mühüm siyasi əhəmiyyət daşıyır. Həmçinin Ermənistan Baş naziri, Moldova Prezidenti, Ukrayna Prezidenti və digər Avropa liderləri ilə keçirilən görüşlər, aparılan ikitərəfli və çoxtərəfli müzakirələr göstərir ki, Azərbaycan–Avropa İttifaqı münasibətlərinin dərinləşdirilməsində təkcə ölkəmiz deyil, Avropa tərəfi də maraqlıdır. Bu tədbirin diqqətçəkən cəhətlərindən biri də ondan ibarətdir ki, növbəti il Ermənistanda keçiriləcək Avropa Siyasi Birliyi Zirvə Toplantısında Azərbaycan tərəfi də iştirak etməyə razılıq verib. Eyni zamanda, 2028-ci ildə bu nüfuzlu tədbirin Azərbaycanda keçirilməsi nəzərdə tutulur və bu istiqamətdə artıq ilkin razılıq əldə olunub.
Bütün bunlar bir daha sübut edir ki, Avropa İttifaqı üçün Azərbaycan nə qədər əhəmiyyətlidirsə, Azərbaycan üçün də Avropa İttifaqı eyni dərəcədə vacib tərəfdaşdır. Bu baxımdan Prezident İlham Əliyevin Danimarkaya işgüzar səfəri, adından da göründüyü kimi, həm məzmununa, həm də nəticələrinə görə uğurlu və strateji əhəmiyyətli bir səfər kimi yadda qalmışdır".