Qeyri-qida sənaye məhsullarına dair texniki reqlament layihələri müzakirəyə çıxarılacaq

8 Oktyabr 2025 15:50 (UTC+04:00)

Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi və Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin birgə təşkilatçılığı ilə oktyabrın 10-da “Bakı KOB evi”ndə “Maşın və avadanlıqların təhlükəsizliyi haqqında”, “Sürtkü materiallarına, yağlara və xüsusi mayelərə dair tələblər haqqında”, “Yüngül sənaye məhsullarının təhlükəsizliyi haqqında” və “Mebel məhsullarının təhlükəsizliyi haqqında” texniki reqlament layihələrinin ictimai dinləmə və müzakirəsi keçiriləcək. Dövlət Agentliyindən SİA-ya bildirilib ki, vətəndaş cəmiyyəti institutları, sahibkarlıq subyektləri, istehlakçılar və müvafiq dövlət qurumlarından maraqlı tərəflər təşkil olunacaq görüşə https://bit.ly/4q123nI linki üzərindən onlayn qaydada qoşula və müzakirələrdə iştirak edə bilərlər.

Müzakirələr qanunvericiliyə uyğun şəkildə texniki reqlament layihələri üzrə rəy və təkliflərin alınması, maraqlı tərəflərin bu prosesdə fəal iştirakının təşviqi, həmçinin bu reqlamentlərdə müəyyən edilən tələblər və onların tətbiqindən əldə olunan müsbət nəticələr barədə ictimai məlumatlılığın artırılması məqsədilə həyata keçiriləcək.

İctimai dinləmələr zamanı maraqlı şəxslər tərəfindən layihəyə dair verilmiş rəy, irad və təkliflərin qanunvericiliyin tələbləri nəzərə alınmaqla təhlili, eləcə də aidiyyəti qurumlarla razılaşdırılmaqla təsdiq edilməsi məqsədilə Azərbaycan Respublikası Nazirlər Kabinetinə təqdim olunması planlaşdırılır.

Məlumat üçün bildirək ki, texniki reqlament layihələri, həmçinin agentliyin rəsmi internet səhifəsinin “Qanunvericilik” bölməsinin “Texniki reqlament layihələrinin ictimai dinləməsi və müzakirəsi” altbölməsində (https://competition.gov.az/az/page/qanunvericilik/texniki-reqlament-layihelerinin-ictimai-dinlenmesi-ve-muzakiresi) də yerləşdirilib.