Oktyabrın 8-də ADA Universitetində “Azərbaycan Jest Dili Tətbiqi” layihəsinin təqdimatı olunub. SİA xəbər verir ki, layihə bp və onun tərəfdaşları, həmçinin “Nar” operatoru tərəfindən maliyyələşdirilir.
Tədbirin açılış mərasimində ADA Universitetinin prorektoru, Milli Məclisin deputatı Fariz İsmayılzadə layihə barədə məlumat verib. Qeyd olunub ki, layihə Azərbaycan işarə dilini öyrənmək üçün əlçatan və interaktiv platforma kimi nəzərdə tutulmuş yeni mobil tətbiqin hazırlanmasına yönəlib. Pedaqoji yanaşmaya əsaslanan tətbiq sadə lüğətdən kənara çıxaraq, strukturlaşdırılmış dərslər, interaktiv tapşırıqlar, viktorinalar və qiymətləndirmələr təqdim edir ki, bu da dili hərtərəfli mənimsəməyə imkan yaradır.
Sonra əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Bayramov, ADA Universiteti Fondunun prezidenti Natiq Hacıyev, bp şirkətinin Xəzər regionu üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli və başqaları mövzu ilə bağlı çıxış ediblər.