“2027–2030-cu illər üzrə elm və ali təhsilin strateji hədəflərinin müəyyənləşdirilməsi Azərbaycanda təhsil siyasətinin yeni mərhələyə keçdiyini göstərir. Təhlil göstərir ki, bu hədəflər yalnız universitetlərin fəaliyyətini deyil, bütövlükdə elmi və intellektual mühitin keyfiyyət parametrlərini dəyişdirməyə yönəlib. Elm və Təhsil Nazirliyinin bu istiqamətdə apardığı müzakirələr və təqdim etdiyi istiqamətlər dövlətin sosial-iqtisadi prioritetləri ilə elm və ali təhsilin inteqrasiyasını gücləndirməyi, universitetləri innovasiya mərkəzinə çevirməyi və bilik əsaslı iqtisadiyyat quruluşuna keçidi təmin etməyi hədəfləyir”. Bu sözləri SİA-ya açıqlamasında təhsil üzrə ekspert Kamran Əsədov deyib.
O bildirib ki, Azərbaycan Respublikasının “Elm haqqında” Qanunun 4-cü maddəsində qeyd olunur ki, elmi fəaliyyətin əsas prinsipləri arasında dövlətin elmi siyasətinin uzunmüddətli və strateji xarakter daşıması, elmi potensialın səmərəli istifadəsi və cəmiyyətin inkişafına yönəldilməsi dayanır: “ “Təhsil haqqında” Qanunun 3-cü maddəsində isə ali təhsilin məqsədi yalnız bilik vermək deyil, eyni zamanda innovasiya və tədqiqat bacarıqlarına malik insan kapitalı yetişdirmək kimi müəyyən olunur. Bu baxımdan 2027–2030-cu illər üçün müəyyən edilən hədəflər qanunvericiliyin ruhuna və ölkənin inkişaf strategiyasına tam uyğun gəlir.
Statistik göstəricilər bu istiqamətdə əsaslandırılmış dəyişikliklərin zəruriliyini təsdiqləyir. Hazırda Azərbaycanda 52 ali təhsil müəssisəsi fəaliyyət göstərir, onlardan 41-i dövlət, 11-i özəl sektorun payına düşür. 2024-cü ildə ali təhsil alan tələbələrin sayı 200 mindən çox olub və bu göstərici 2015-ci illə müqayisədə 1,7 dəfə artıb. Lakin bu artımın keyfiyyətlə uzlaşması hələ istənilən səviyyədə deyil. Dövlət Statistika Komitəsinin məlumatına görə, elmi-tədqiqat fəaliyyətində iştirak edən müəllimlərin payı ümumi akademik heyətin cəmi 17 faizini təşkil edir. Bu da göstərir ki, universitetlərdə tədqiqat komponenti hələ də tədrisin kölgəsində qalır. Yeni strateji mərhələ bu nisbəti dəyişməyi, təhsilin elmə əsaslanmasını təmin etməyi qarşıya məqsəd qoyur.
Bu hədəflərin həyata keçirilməsi nəticəsində ali təhsil müəssisələrinin funksional rolu dəyişəcək. Universitetlər yalnız diplom verən strukturlar deyil, iqtisadi və sosial inkişafın intellektual mühərrikinə çevriləcək. Elmi tədqiqatlar konkret sahələrin inkişafına yönəldiləcək: enerji təhlükəsizliyi, yaşıl texnologiyalar, süni intellekt, kibertəhlükəsizlik, təmiz energetika, aqrobiotexnologiya və rəqəmsal iqtisadiyyat kimi sahələrdə yeni laboratoriyalar və startap ekosistemləri formalaşdırılacaq. Bu, həm də “Azərbaycan 2030: sosial-iqtisadi inkişaf” Strategiyasında qeyd olunan “dayanıqlı bilik iqtisadiyyatı” hədəfi ilə birbaşa uyğunluq təşkil edir.
Elm və Təhsil Nazirliyinin təşəbbüsü ilə hazırlanmış yeni strategiya həm də tədris prosesinin məzmununun yenilənməsini, əmək bazarı ilə ali təhsilin sinxronlaşdırılmasını hədəfləyir. Təhsil proqramlarında səriştə əsaslı yanaşmanın genişləndirilməsi, universitetlərin özəl sektorla birgə ikili proqramlar tətbiq etməsi, tələbələrin istehsalat təcrübəsinin real iqtisadi fəaliyyətlə inteqrasiyası planlaşdırılır. Bu istiqamətdə “Azərbaycan-Türkiyə Universiteti” layihəsi və “AI Academy” kimi təşəbbüslər artıq həyata keçirilməyə başlanıb və bu təcrübə 2027–2030-cu illərdə genişləndiriləcək. Nazirliyin bu təşəbbüsləri müasir ali təhsilin beynəlmiləlləşdirilməsinə, tədqiqat yönümlü sistemə keçidinə xidmət edən çox müsbət və uzaqgörən addımlardır.
Dünya təcrübəsində oxşar istiqamətlər uğurlu nəticələr verib. Məsələn, Cənubi Koreyada 2000-ci illərdə ali təhsil və sənaye arasında strateji tərəfdaşlıq proqramları yaradıldıqdan sonra universitetlərin tədqiqat məhsuldarlığı 15 il ərzində 4 dəfə artıb. Finlandiyada dövlət büdcəsindən elmi tədqiqatlara ayrılan vəsait ÜDM-in 3,2 faizini təşkil edir və bu, universitetlərin dünya reytinqlərində yüksəlişinə səbəb olub. Azərbaycan isə hazırda ÜDM-in təxminən 0,2 faizini elmə yönəldir. Yeni strateji mərhələdə bu göstəricinin tədricən 1 faizə qədər artırılması planlaşdırılır. Bu, həm elmi potensialın güclənməsinə, həm də universitetlərin beynəlxalq reytinqlərdə daha çox təmsil olunmasına imkan yaradacaq.
Müsbət tərəf ondan ibarətdir ki, yeni strategiya elmi fəaliyyətin nəticəyə əsaslanmasını prioritetləşdirir. Universitetlər üçün performans əsaslı maliyyələşmə modeli tətbiq olunacaq, bu isə daha aktiv və səmərəli tədqiqat aparan təhsil müəssisələrinə üstünlük qazandıracaq. Eyni zamanda, dövlət-özəl tərəfdaşlığının inkişafı elmi layihələrin dayanıqlılığını təmin edəcək. Təhsil müəssisələrinin özəl sektorla əməkdaşlıq hesabına əlavə maliyyə mənbələri qazanması, universitetlərin iqtisadi müstəqilliyini artıracaq.
Lakin mənfi tərəflər də mövcuddur. Kadr potensialının bərpası və gənc alimlərin sistemə cəlb olunması hələ də problem olaraq qalır. Son illərdə ölkədə doktorantura səviyyəsində tədqiqat aparanların sayı azalıb — 2024-cü ildə bu göstərici cəmi 1570 nəfər təşkil edib, halbuki 2010-cu ildə bu rəqəm 2300 idi. Buna görə də, yeni strategiyada elmi kadrların hazırlanması, onların sosial təminatı və tədqiqat infrastrukturunun yenilənməsi əsas prioritetlərdən biri olmalıdır.
Proqnozlar göstərir ki, 2030-cu ilə qədər Azərbaycan universitetlərində elmi məqalələrin illik sayı 2,5 dəfə artacaq, beynəlxalq reytinqlərdə yer alan ali məktəblərin sayı isə ən azı iki dəfə çoxalacaq. Eyni zamanda, “yaşıl və rəqəmsal transformasiya” istiqamətində fəaliyyət göstərən yeni mərkəzlərin yaranması gözlənilir. Elm və Təhsil Nazirliyinin koordinasiyası ilə həyata keçirilən bu islahatlar 2030-cu ilə qədər təhsilin iqtisadi səmərəliliyini artıracaq, elmi biliklərin iqtisadi dövriyyəyə daxil olmasını təmin edəcək.
Hesab edirəm ki, 2027–2030-cu illər üzrə elm və ali təhsilin strateji hədəfləri ölkənin elmi və təhsil sistemini müasir dövrün çağırışlarına uyğunlaşdırmaq məqsədi daşıyır. Elm və Təhsil Nazirliyinin bu istiqamətdə apardığı islahatlar idarəetmədə şəffaflığı, nəticəyönümlü yanaşmanı, beynəlxalq təcrübədən səmərəli istifadəni və insan kapitalına sərmayəni birləşdirən konseptual çərçivə yaradır. Bu islahatlar həyata keçərsə, Azərbaycan yalnız regional deyil, həm də qlobal elm və təhsil məkanında rəqabətqabiliyyətli mövqe qazanacaq”.