Azərbaycanda etibarnamə sistemi nə zaman ləğv edilə bilər? - EKSPERT AÇIQLADI

8 Oktyabr 2025 13:54 (UTC+04:00)

Azərbaycanda avtomobil idarə etmək üçün etibarnamə sistemi hələ də qüvvədədir və bu vətəndaşlar üçün əlavə vaxt itkisi və bürokratik çətinliklər yaradır. Dünyanın əksər ölkələrində belə bir tələb artıq aradan qaldırılıb və sürücülük vəsiqəsi ilə avtomobil idarə etmək mümkündür. Ekspertlər deyir ki, yeni texnologiyalar və “car sharing” kimi layihələr bu sistemi getdikcə daha da lazımsız edir. Bəs, Azərbaycanda etibarnamə sistemi nə zaman ləğv edilə bilər?

Məsələ ilə bağlı nəqliyyat eksperti Aslan Əsədov SİA-ya açıqlamasında bildirib ki, etibarnamə ilə bağlı demək olar ki, onun həm müsbət, həm də mənfi tərəfləri var:

"Əslində, mənfi tərəfləri demək olar ki, yoxdur. Çünki etibarnamənin əsas xüsusiyyəti ondan ibarətdir ki, vətəndaşlara xidmət edir. Yəni, vətəndaş, istədiyi halda, bu etibarnamə ilə müəyyən dərəcədə hərəkət edə, alqı-satqı həyata keçirə bilir. Bu da onun müsbət tərəfidir. Amma mənfi tərəfləri daha çox daxili məsələlərə aiddir. Yəni, etibarnaməsiz nəqliyyat vasitəsini idarə etmək məsələsi Mülki Məcəllə ilə tənzimlənir. Bəzi hallarda isə Ailə Məcəlləsində də bu tip hallarla bağlı qeydlər ola bilər. Ancaq əsas hüquqi sənəd Mülki Məcəllədir. Etibarnamənin hüquqi qüvvəsi qanunla müəyyən edilir və onun ləğvi yalnız məhkəmə qərarı, Milli Məclisin qərarı və ya cənab Prezidentin sərəncamı ilə mümkündür. Əgər məsələyə hüquqi deyil, funksional baxımdan yanaşsaq, görərik ki, etibarnamə insanlara manevr imkanları yaradır, çeviklik verir. Yəni insanlar bu vasitədən düzgün şəkildə istifadə etsələr, bu, onlara fayda verə bilər. Əks halda, ailədaxili münaqişələr, əmlak bölgüsü problemləri və ya yol-nəqliyyat hadisələri kimi risklər yarana bilər. Bu səbəbdən, cəmiyyətin hələ bu prosedurlara uyğunlaşması üçün zaman lazımdır. İnsanlar bu hüquqi mexanizmlərdən düzgün istifadə etməyi öyrənməlidirlər".