"Ermənistan tərəfi Hadrutun ikinci eşalon olaraq müdafiəsinə xüsusi önəm verirdi. Bu, təsadüfi deyildi". Bu sözləri SİA-ya açıqlamasında hərbi-ekspert Ədalət Verdiyev deyib.
Onun sözlərinə görə, Hadrut kifayət qədər yüksək hündürlüyə malik dağlarla əhatə olunmuş strateji bir ərazi idi: "Bu baxımdan, Hadrutun Azərbaycanın nəzarətinə keçməsi həm hərbi, həm coğrafi, həm də psixoloji üstünlük baxımından mühüm əhəmiyyət daşıyırdı. Digər tərəfdən, Hadrutun azad edilməsi Azərbaycan Ordusunun hücum coğrafiyasının genişlənməsinə imkan yaradır, əməliyyatların daha rahat və planlı şəkildə davam etdirilməsinə şərait yaradırdı.
Hadrutun əhəmiyyəti təkcə onun relyefi ilə məhdudlaşmırdı. Bu ərazi həm Xocavəndə, həm Füzuliyə, həm də Cəbrayıla gedən təminat və təchizat yollarının üzərində yerləşirdi. Yəni, Hadrutun nəzarət altına alınması düşmənin bu istiqamətlərdəki logistika əlaqələrini tam şəkildə kəsmək demək idi. Eyni zamanda, Hadrut ətrafında yerləşən Ermənistan ordusunun 18-ci diviziyasına məxsus bütün bölmələr məhz bu ərazi vasitəsilə təmin edilirdi. Qeyd etmək yerinə düşər ki, həmin diviziyanın qərargahı da birbaşa Hadrutda yerləşirdi. Bu isə Hadrutun düşmən üçün nə dərəcədə həyati əhəmiyyət daşıdığını bir daha sübut edir.
Başqa sözlə desək, Hadrutun azad olunması təkcə bir yaşayış məntəqəsinin azad edilməsi deyildi — bu, həm hücum coğrafiyasının genişlənməsi, həm də strateji yüksəkliklərin ələ keçirilməsi demək idi. Hadrutun azadlığı ilə Azərbaycan Ordusu həm Xocalıya, həm də Şuşaya gedən istiqamətlərdə irəliləmək üçün real imkan əldə etdi. Məhz bu səbəbdən, Şuşanın azad olunması Hadrutun azad edilməsindən sonra mümkün oldu. Hadrut əməliyyatının uğuru Şuşa zəfərinin əsasını qoydu və bu mərhələ Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində qazandığı ən həlledici uğurlardan biri kimi tarixə düşdü"