Bu ilin üçüncü rübündə EMTA-ya 3500-dən çox müraciət daxil olub

8 Oktyabr 2025 13:02 (UTC+04:00)

Cari ilin III rübü ərzində istehlakçıların hüquqlarının qorunması, abonentlərin elektrik və istilik enerjisi, təbii qazla təchizatı və digər məsələlərlə bağlı Enerji Məsələlərini Tənzimləmə Agentliyinə (EMTA) bilavasitə və Energetika Nazirliyindən 3558 müraciət daxil olub. Agentlikdən SİA-ya bildirilib ki, elektrik enerjisi təchizatı ilə bağlı 504-ü məlumat üçün olmaqla 3236 müraciət edilib. Təbii qaz təchizatı ilə bağlı 36-sı məlumat xarakterli olmaqla 251 müraciət olunub. İstilik təchizatı ilə bağlı 6-sı məlumat üçün olmaqla 14 müraciət edilib. Digər məsələlərlə bağlı isə 10-u məlumat üçün olmaqla 57 müraciət göndərilib.

Müraciətlərdən 2432-si agentlik tərəfindən araşdırılıb və cavablandırılıb (42 müraciət müvafiq qaydada baxılması və tədbir görülməsi üçün aidiyyəti quruma göndərilib), 13 müraciət Energetika Nazirliyi ilə müştərək icra olunub, 557 müraciət hazırda baxılma prosesindədir, 556 məlumat xarakterli müraciətdən 245-i qaldırılan problemlərin həlli ilə bağlı təşəkkür məktubu olub.

Bununla yanaşı, yeni, yenidən qurulan, istifadə olunmasına icazə verilmiş gücü artırılan və enerjitəchizat sxemini dəyişən 46 tikinti obyektinin xarici elektrik enerjisi təchizatı üçün quraşdırılmış elektrik qurğularına istismara buraxılış aktı verilib. 152 razılaşdırılmış layihəyə əsasən tikintisi başa çatdırılmış sənaye qaz qurğularının istismarına icazə verilib. Eyni zamanda, “Azərenerji” ASC və “Azərişıq” ASC-nin nümayəndələrinin iştirakı ilə 48 hesablaşma elektrik sayğacının texniki vəziyyətinə baxış keçirilib.

Agentliyin səlahiyyətlərinə aid olan Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri üzrə 162 inzibati xəta haqqında işə baxılıb, onlardan 160 iş üzrə inzibati tənbeh vermə haqqında qərar, 2 iş üzrə isə icraata xitam verilməsi barədə qərar qəbul olunub.

Həmçinin elektrik qurğularının texniki istismarı, təhlükəsizlik texnikası qaydalarına əməl olunması və elektrik enerjisindən istifadənin vəziyyətinin araşdırılması məqsədilə 265 nəzarət tədbiri keçirilib. Qazdan səmərəli istifadənin, “Qazdan istifadə Qaydaları”nın və qaz qurğularının etibarlı istismarının, həmçinin digər normativ hüquqi aktların tələblərinə əməl olunmasının vəziyyətinin araşdırılması məqsədilə 201 nəzarət tədbiri keçirilib.

Agentlik tərəfindən hesabat dövrü ərzində 67 müəssisədə 161 nəfər olmaqla elektrotexniki heyətin və elektrik təsərrüfatlarına cavabdeh şəxslərin texniki istismar, təhlükəsizlik texnikası qaydaları üzrə peşə bilikləri yoxlanılıb, yoxlama nəticəsində biliklərin artırılması üzrə təkliflər verilib, bu istiqamətdə müvafiq şəxslərə metodiki yardım göstərilib.