“2 yaş sindromu” uşağın müstəqil fərd kimi formalaşmasının təbii mərhələsidir" - PEDİATR AÇIQLADI

8 Oktyabr 2025 10:42 (UTC+04:00)

"Son illərdə valideynlər arasında “2 yaş sindromu”, “3 yaş sindromu” kimi anlayışlar geniş yayılıb. Əslində bu, uşaqlarda hər hansı bir xəstəlik deyil, onların normal inkişaf mərhələsinin bir hissəsidir. Uşaqlar təxminən 18 ay ilə 3 yaş aralığında öz müstəqilliklərini kəşf etməyə başlayır, “mən” anlayışını formalaşdırır və artıq bəzi qərarları özləri vermək istəyirlər". Bu sözləri SİA-ya açıqlamasında həkim-pediatr Təranə Marufova deyib.

Onun sözlərinə görə, geyimini, yeməyini və ya oyuncağını seçmək istəyi artır. Lakin danışıq və emosional tənzimləmə bacarıqları hələ tam inkişaf etmədiyi üçün istədiklərinə nail ola bilməyəndə ağlama, qışqırma, yerə uzanma kimi davranışlar ortaya çıxır: "Pediatrların fikrincə, bu davranışlar uşağın beyninin ön payının - yəni duyğuların idarə olunmasına cavabdeh hissəsinin - tam formalaşmaması ilə bağlıdır. Uşaq emosiyalarını sözlə ifadə edə bilmədiyi üçün onları davranış yolu ilə göstərir. Bu dövrdə valideynlərin reaksiyası çox önəmlidir. Əgər uşaq hər dəfə ağlayanda istədiyini əldə edirsə, bu davranış onun üçün vərdişə çevrilir və gələcəkdə də davam edir.

Müasir dövrdə belə hallar əvvəlki nəsillərlə müqayisədə daha çox müşahidə olunur. Bunun səbəbi kimi ekran qarşısında çox vaxt keçirmə, valideynlərin uşaqlara emosional diqqət ayırmaması, sıx iş rejimi və sərt tərbiyə üsulları göstərilir. Bütün bunlar uşağın hisslərini tənzimləməsini çətinləşdirir və davranış pozuntularına səbəb olur. Mütəxəssislər bu dövrü uşağın inkişaf mərhələsi kimi qəbul etməyi, səbirli və anlayışlı yanaşmağı tövsiyə edirlər. Uşağa seçim imkanı vermək, sadə və aydın cümlələrlə danışmaq, hisslərini adlandırmağa kömək etmək və ekran istifadəsini məhdudlaşdırmaq çox vacibdir. Əgər uşağın aqressiv davranışları 4 yaşdan sonra da davam edirsə və ünsiyyət, yuxu, diqqət problemləri müşahidə olunursa, bu zaman pediatrla yanaşı uşaq psixoloqu və ya nevroloqa müraciət etmək məsləhətdir.

Ümumilikdə, “2 yaş sindromu” uşağın müstəqil fərd kimi formalaşmasının təbii mərhələsidir. Valideynlərin bu prosesi anlayışla qarşılaması uşağın sağlam psixoloji və emosional inkişafında mühüm rol oynayır".