"Məşqçi hazırlığı və təlim prosesi daha yüksək səviyyəyə qaldırılmalıdır" - BAŞ MƏŞQÇİ RƏY BİLDİRDİ

8 Oktyabr 2025 09:55 (UTC+04:00)

"Azərbaycanda futbolun inkişafı istiqamətində son illərdə müəyyən irəliləyişlər olsa da, bu sahədə hələ də sistemli və davamlı işlərin görülməsinə ehtiyac var. Futbol yalnız meydandakı oyunla bitmir - bu, planlı şəkildə qurulan bir infrastruktur, düzgün idarəetmə, güclü uşaq futbol sistemi və peşəkar kadr hazırlığı tələb edən geniş bir prosesdir". Bu sözləri SİA-ya açıqlamasında baş məşqçi Vaqif Cavadov deyib.

Onun sözlərinə görə, uşaq futbolunun inkişafı əsas prioritet olmalıdır. Çox təəssüf ki, bizdə hələ də bir çox bölgələrdə futbol məktəbləri lazımi səviyyədə fəaliyyət göstərmir. Gənc istedadlar erkən yaşda peşəkar məşqlərə cəlb olunmur, nəticədə onların texniki və taktiki bacarıqları Avropa standartlarından geri qalır. Məsələn, Avropa ölkələrində uşaqlar 6-7 yaşından etibarən sistemli şəkildə məşqə başlayır və 14-15 yaşında artıq müəyyən oyun üslubuna malik olurlar. Bizdə isə bu proses ya gec başlayır, ya da qeyri-sabit şəkildə davam edir: "Məşqçi hazırlığı və təlim prosesi daha yüksək səviyyəyə qaldırılmalıdır. Müasir futbolda yalnız topa vurmaq yox, həm də düşünmək, qərarvermə sürəti və oyun oxumaq qabiliyyəti vacibdir. Bizim məşqçilər Avropa təcrübəsini öyrənməli, "UEFA"-nın müasir kurslarına cəlb edilməli və əldə etdikləri bilikləri yerli akademiyalarda tətbiq etməlidirlər.

Gənc oyunçularımızın Avropa klublarına transfer olunmaması bir neçə amillə bağlıdır. Əvvəla, oyunçularımızın beynəlxalq səviyyədə tanıdılması üçün kifayət qədər platforma yoxdur. Premyer Liqamızın səviyyəsi və tempi Avropa liqalarından aşağı olduğu üçün skautların marağı da az olur. Digər tərəfdən, bəzi gənclərimiz erkən yaşda peşəkar ruhda formalaşmır - intizam, fiziki hazırlıq və psixoloji dözümlülük baxımından Avropa tələblərinə uyğunlaşmaqda çətinlik çəkirlər. Bundan əlavə, klubların transfer siyasəti də çox zaman qeyri-şəffaf olur. Bəzi gənc oyunçulara lazım olan dəstək, menecerlik və tanıtım işləri aparılmadığı üçün onlar xarici klubların diqqətinə düşmür. Halbuki, Avropada menecerlər, agentlər və klub əlaqələri vasitəsilə istedadlı futbolçular tez bir zamanda böyük arenalara çıxış əldə edirlər. Futbolun inkişafı üçün vahid strategiya hazırlanmalı, məktəb yaşından milli sistem formalaşdırılmalı və gənc oyunçular üçün xaricdə təcrübə proqramları yaradılmalıdır. Əgər biz bu məsələlərə ciddi yanaşsaq, yaxın illərdə Azərbaycan futbolunda həm oyun səviyyəsi, həm də beynəlxalq transfer imkanları baxımından əhəmiyyətli irəliləyiş müşahidə oluna bilər".