2024-cü ildə korporativ press-relizlərin dörddə biri süni intellekt tərəfindən tərtib edilib

8 Oktyabr 2025 06:21 (UTC+04:00)

2022-ci ildən bəri Amerika şirkətləri, istehlakçıları və hətta Birləşmiş Millətlər Təşkilatı böyük dil modellərindən - insan tərəfindən yazılan kimi oxunan mətn hazırlamağa öyrədilmiş, “ChatGPT” kimi süni intellekt (AI) sistemlərindən istifadə edir. SİA xəbər verir ki, “Cell Press Patterns” jurnalında dərc olunmuş araşdırmada tədqiqatçılar iş elanlarından tutmuş press-relizlərə qədər təhlil edilən korporativ və hökumət mətnlərinin orta hesabla 17 faizində süni intellektdən istifadə olunduğunu və bu payın artacağını göstərirlər.

Böyük dil modelləri 2022-ci ilin sonunda ictimaiyyət üçün geniş şəkildə əlçatan oldu. Bu gün dünyada bir milyarddan çox insan onlardan müntəzəm istifadə edir. Tədqiqatçılar dörd müxtəlif yazı kontekstində: ABŞ-da istehlakçı şikayətləri, şirkət press-relizləri, BMT-nin press-relizləri və iş elanlarında bu süni intellekt alətlərinin tətbiq edildiyi nümunələrini araşdırmaq üçün əvvəllər hazırlanmış AI aşkarlama proqramından istifadə etmək qərarına gəliblər. Onlar bu sahələrin hər birindən 2022-ci ilin yanvarından 2024-cü ilin sentyabrına qədər dərc olunmuş mətnləri toplayıb proqramdan keçiriblər.

Əvvəlcə komanda 2022-2024-cü illərdə istehlakçıların banklardan və digər maliyyə şirkətlərindən müdafiəsinə görə məsul olan ABŞ dövlət qurumu - İstehlakçıların Maliyyə Müdafiəsi Bürosuna daxil olan 687 mindən çox şikayəti təhlil edib. Onlar aşkar ediblər ki, bu şikayətlərin təxminən 18 faizi ehtimal ki, süni intellekt tərəfindən yazılıb.

Korporativ press-relizlərə gəldikdə, tədqiqatçılar ABŞ-da üç ən böyük: “Newswire”, “PRWeb” və “PRNewswire” press-reliz platformalarında dərc olunan mətnləri təhlil ediblər. Onlar aşkar ediblər ki, “ChatGPT” işə salınandan bəri bu saytlardakı relizlərin təxminən dörddə biri AI tərəfindən tərtib edilib. Xüsusilə, 2023-cü ilin sonuna qədər süni intellektdən istifadənin ən yüksək səviyyəsi elmi və texniki relizlərdə qeydə alınıb.

İş elanları ilə bağlı tədqiqatçılar müəyyən ediblər ki, “LinkedIn”də böyük şirkətlərin elanlarının süni intellekt tərəfindən yazılmaq ehtimalı azdır. Lakin, kiçik firmalardan gələn iş elanlarını araşdırdıqdan sonra, onlar elanların təxminən 10 faizində süni intellektin köməyini aşkar ediblər.

Komanda həmçinin BMT-nin ingilis dilində yazılmış press-relizlərini də araşdırıb. Onlar mətnlərin yazılması zamanı süni intellektdən istifadənin əhəmiyyətli dərəcədə - 2023-cü ilin əvvəlindəki 3 faizdən 2024-cü ilin sonuna 13 faizə qədər artdığını aşkar ediblər.

Ümumilikdə, tədqiqatçılar aşkar ediblər ki, əsasən süni intellekt tərəfindən yazılmış kimi qeyd edilən məzmunun payı 2022-ci ilin noyabrında “ChatGPT”nin buraxılmasından əvvəlki 1,5 faizdən 2023-cü ilin avqustunda 15 faizə yüksəlib. Bundan sonra artım yavaşlayıb və 2024-cü ilin avqustunda süni intellekt tətbiqetmə nisbəti təxminən 17 faiz təşkil edib.