Helsinkidə prezident sarayının üzərindən pilotsuz təyyarə uçub...

7 Oktyabr 2025 18:54 (UTC+04:00)

...Bazar ertəsi Finlandiyanın Helsinki şəhərində hava məkanının məhdudlaşdırıldığı prezident sarayının yaxınlığında uçan pilotsuz təyyarə görüntülənib.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə Yle xəbər verir.

Helsinkidə prezident sarayı və ona bitişik binaların üzərində pilotsuz uçan aparatı görən şahid bu barədə təcili xidmətə məlumat verib.

O, həmçinin yaxınlıqda özlərini Honq-Konqdan gələn turist kimi tanıdan iki nəfərin pilotsuz uçan aparatlar uçurduğunu gördüyünü bildirib.

Helsinki polisi hadisədən xəbərdar olduqlarını, lakin “dronun artıq qadağan olunmuş ərazidə uçmadığı təsdiqləndiyi üçün” işi bağlamaq qərarına gəldiyini bildirib.

Helsinki Polis Departamentinin müfəttişi Markus Koskinen bildirib ki, hüquq-mühafizə orqanları hər həftə adətən turistlər tərəfindən idarə olunan pilotsuz uçuş aparatları barədə məlumat alır.

Finlandiyada hava məkanının məhdudlaşdırıldığı bir neçə ərazi var – Helsinkinin mərkəzindəki inzibati məhəllələr, həmçinin prezidentin və baş nazirin rəsmi iqamətgahları.

Son həftələr Avropanın müxtəlif ölkələrində naməlum pilotsuz təyyarələrin buraxılması ilə bağlı xəbərlər getdikcə artır.

Əli Babayev