Zəfəran həm qədim Şərq təbabətində, həm də müasir elmi araşdırmalarda qiymətli bir dərman bitkisi kimi tanınır. Onun tərkibində əsas bioaktiv maddələr — krosin, safranal, pikrokrosin və flavonoidlər yer alır. Bəs, maraqlıdır, görəsən, bu bitkinin tibbi cəhətdən hansı faydaları var?
Məsələ ilə bağlı terapevt Aynurə Rzayeva SİA-ya açıqlamasında bildirib ki, onun tərkibindəki maddələr beyində serotonin, dopamin və digər neyrotransmitterlərin səviyyəsini tənzimləməklə əhval-ruhiyyəni yaxşılaşdırır, stres və narahatlıq hissini azaldır:
"Bu səbəbdən zəfəran, yüngül və orta dərəcəli depressiya, anksiyete və aybaşı öncəsi gərginlik (PMS) kimi hallarda təbii dəstək vasitəsi kimi istifadə edilə bilər. Bundan əlavə, zəfəran güclü antioksidant təsirə malikdir. O, hüceyrələri sərbəst radikalların zədələyici təsirindən qoruyaraq xroniki iltihabi proseslərin qarşısını ala bilər. Bu xüsusiyyətinə görə zəfəran ürək-damar xəstəlikləri, artrit, şəkərli diabet və digər metabolik pozğunluqların profilaktikasında faydalı ola bilər. O, həmçinin damarları genişləndirərək qan təzyiqini tənzimləyir və xolesterin səviyyəsini aşağı sala bilir. İlkin tədqiqatlar zəfəranın bəzi xərçəng hüceyrələrinin böyüməsini ləngitdiyini və apoptozu (hüceyrə öz-özünü məhv etmə mexanizmi) təşviq etdiyini göstərir. Bu təsir daha çox laboratoriya şəraitində sübut edilsə də, gələcəkdə xərçəngin qarşısının alınması və müalicəsində zəfərandan dəstəkvi vasitə kimi istifadə olunması mümkündür. Zəfəran həmçinin yaddaşı gücləndirə və beyin funksiyalarını dəstəkləyə bilər. Asetilxolin səviyyəsini artıraraq öyrənmə qabiliyyətini və koqnitiv funksiyaları inkişaf etdirir. Alzheimer və digər neyrodegenerativ xəstəliklərin erkən mərhələlərində zəfəranın müsbət təsirləri müşahidə olunub. Göz sağlamlığı sahəsində də zəfəran diqqət çəkir. O, retinal hüceyrələrin qorunmasına yardım edir və yaşa bağlı görmə zəifləməsinin (makula degenerasiyası) qarşısını almaqda faydalı ola bilər. Zəfəran qanda şəkər səviyyəsinin tənzimlənməsində də müsbət rol oynayır. İnsulin həssaslığını artıraraq, tip 2 şəkərli diabetli şəxslərdə maddələr mübadiləsini yaxşılaşdıra bilər.
Bu qədər faydasına baxmayaraq, zəfəran ehtiyatla istifadə edilməlidir. Yüksək dozada qəbulu ürəkbulanma, başgicəllənmə və allergik reaksiyalar verə bilər. Hamilə qadınlarda yüksək dozada istifadəsi risklidir, çünki uşaqlıq əzələlərinə stimullaşdırıcı təsir göstərə bilər. Gündəlik qəbul üçün tövsiyə olunan doza təxminən 30–50 mq zəfəran ekstraktıdır və terapevtik məqsədlə istifadə edərkən mütləq həkim məsləhəti alınmalıdır".