Ahıllar və uşaq evi sakinlərinin iştirakı ilə “Arşın mal alan” tamaşası nümayiş olunub - YENİLƏNİB/FOTOLAR

7 Oktyabr 2025 16:19 (UTC+04:00)

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi və “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin təşkilatçılığı ilə Üzeyir Hacıbəylinin 140 illiyi və 1 Oktyabr - Beynəlxalq Ahıllar Gününə həsr olunmuş “Arşın mal alan” tamaşası nümayiş etdirilib. SİA xəbər verir ki, tədbirin məqsədi dahi bəstəkar Üzeyir Hacıbəylinin yaradıcılığının təbliği, ahıllara və uşaqlara sosial-psixoloji dəstək, onların cəmiyyətə inteqrasiyasına, eyni zamanda sosial reabilitasiyasına şərait yaratmaqdır.

Sosial Xidmətlər Agentliyinin İdarə Heyəti sədrinin müavini Faiq Ağayev bildirib ki, bütün sosial xidmət müəssisələrində, həmçinin Ahıl şəxslər üçün sosial xidmət müəssisəsində və uşaq evlərində müasir tələblərə uyğun şərait yaradılıb. Bu müəssisələrdə sakinlərin asudə vaxtlarının səmərəli təşkili üçün müxtəlif tədbirlər, o cümlədən onların mədəniyyət mərkəzlərinə, müxtəlif istirahət mərkəzlərinə ekskursiyaları, gəzintiləri və s. də təşkil olunur. Hazırda Ahıl şəxslər üçün sosial xidmət müəssisəsində 200-dən, uşaq evi sosial xidmət müəssisələrində isə 450-dən çox sakin yaşayır.

F.Ağayev qeyd edib ki, Üzeyir Hacıbəylinin yaratdığı “Arşın mal alan” kimi əsərlər xalqımızın mənəvi dünyasında bu gün də yaşayır. Bu tamaşanın bu gün təqdim olunması həm dahi bəstəkara ehtiram, həm də ahıllar və uşaqlar arasında mədəni körpü yaratmaq məqsədi daşıyır.

Qeyd olunub ki, Agentlik həssas əhali qruplarından olan şəxsləri sosial xidmətlərlə təmin etməklə yanaşı, onların sosial reabilitasiyası məqsədilə mədəni tədbirlərə cəlb edilməsinə də böyük əhəmiyyət verir. Agentliyin müəssisələrində yaşayanlardan ibarət rəqs, musiqi və digər dərnəklər vasitəsilə də benefisiarların cəmiyyətə inteqrasiyasına dəstək göstərilir.

“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin Aparat rəhbərinin müavini Rəna Nəsirova-Mustafayeva çıxış edərək tədbirin əhəmiyyətinə diqqət çəkib. Qeyd edib ki, təmsil etdiyi qurum hər zaman bu kimi sosial layihələrin həyata keçirilməsində dəstək göstərib və mütəmadi olaraq Qoruq ərazisində belə tədbirlər təşkil edilir.

Sonra Agentliyin ahıl şəxslər üçün sosial xidmət müəssisəsinin və uşaq evi sakinlərinin iştirakı ilə hazırlanan “Arşın mal alan” tamaşası təqdim olunub və iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb.