“Üzeyir Hacıbəyli yaradıcılığı milli kimliyimizin təməlidir” - Ülviyyə Ağayeva

7 Oktyabr 2025 15:37 (UTC+04:00)

“Bugün həqiqətən də çox əlamətdar gündür və mən böyük şərəf duyuram ki, bu gün sizlərlə bir yerdəyəm. Bu gün həm böyük bəstəkar, dahi şəxsiyyət Üzeyir Hacıbəylinin doğumunun 140 illiyi ilə əlaqədar tədbirdir, həm də Ahıllar Günümüzdür — yəni cəmiyyətimiz üçün dərin hörmət bəslədiyimiz, ahıllarımıza ithaf olunan gündür". SİA xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Ülviyyə Ağayeva “Arşın mal alan” tamaşasının təqdimatında çıxışı zamanı səsləndirib.

Deputat qeyd edib ki, Üzeyir Hacıbəylinin əsərləri milli ruhumuzu və dəyərlərimizi yaşadan bənzərsiz incilərdir: “Üzeyir bəyin əsərləri bu gün təkcə auditoriyalarda öyrədilmir, həm də təhlil və təbliğ olunur. “Arşın mal alan” təkcə gözəl musiqi və səhnə əsəri deyil, həm də qadın azadlığına, sevgi və hörmətə dair dərin mənəvi mesajlar verir".

Ülviyyə Ağayeva şəxsi xatirəsini də bölüşərək bildirib ki, Üzeyir Hacıbəylinin musiqisi onun uşaqlıq illərindən etibarən həyatında mühüm yer tutub və şəxsiyyətinin formalaşmasına təsir göstərib: “Bu musiqi millətimizin ruhunu, estetik zövqünü uşaqlarımıza aşılayan bir incəsənət nümunəsidir. Üzeyir Hacıbəyli yaradıcılığı sayəsində biz milli kimliyimizi və mədəni dəyərlərimizi daha dərindən dərk edirik".

Millət vəkili sonda tədbirin təşkilatçılarına təşəkkürünü bildirərək vurğulayıb ki, bu kimi tədbirlər milli musiqimizin, dəyərlərimizin təbliğinə, ahıllar və uşaqlar arasında mənəvi bağların güclənməsinə xidmət edir.