“2009-cu ilin oktyabrında Naxçıvan şəhərində imzalanmış Naxçıvan Müqaviləsi türk dünyasının taleyində yeni səhifə açdı. Azərbaycan, Türkiyə, Qazaxıstan və Qırğızıstanın siyasi iradəsi ilə atılan bu addım əsrlərdir könüllərdə yaşadılan bir ideyanı – türk birliyi arzusu reallığa çevirdi. O vaxt “Türk Şurası” adı ilə fəaliyyətə başlayan qurum bu gün “Türk Dövlətləri Təşkilatı” kimi beynəlxalq münasibətlər sistemində özünəməxsus güc mərkəzinə çevrilib. Bu, təkcə təşkilat deyil, ortaq tariximizin, dilimizin, mədəniyyətimizin siyasi çərçivədə birləşmiş rəmzidir”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Ülviyyə Həmzəyeva deyib.
Deputat bildirib ki, Naxçıvan Müqaviləsi türk dövlətlərinin ortaq gələcəyi üçün yol xəritəsi idi: “Siyasi dialoqun gücləndirilməsi, iqtisadi əlaqələrin genişləndirilməsi, nəqliyyat və enerji dəhlizlərinin inkişafı, elm, təhsil və mədəniyyət sahəsində inteqrasiyanın dərinləşdirilməsi – bütün bunlar həmin müqavilədə əksini tapmışdı. Bu gün isə görürük ki, deyilənlərin hamısı bir-bir gerçəkləşir. Orta Dəhliz türk dövlətlərini Asiyadan Avropaya bağlayan əsas magistrala çevrilir, enerji əməkdaşlığı qlobal təhlükəsizliyə töhfə verir, humanitar layihələr ortaq kimliyimizi daha da gücləndirir.
Müqavilənin məhz Naxçıvanda imzalanması tarixi və rəmzi məna daşıyırdı. Naxçıvan türk dünyasının dövlətçilik ənənələrinin, milli mədəniyyətinin, müqavimət ruhunun canlı simvoludur. Qədim diyar türk xalqlarına mesaj verirdi: birlik yalnız bugünün deyil, əsrlərin çağırışıdır. Buradan başlanan yol artıq bütün türk dünyasını əhatə edən siyasi, iqtisadi və mənəvi xəttə çevrilib.
Bu gün təşkilatın inkişafında Prezident İlham Əliyevin xidmətləri ayrıca vurğulanmalıdır. Dövlət başçısı ilk gündən türk dövlətlərinin birliyini strateji hədəf kimi irəli sürdü və bütün beynəlxalq platformalarda türk dünyasının güclənməsi üçün ardıcıl addımlar atdı. İlham Əliyevin qətiyyətli mövqeyi nəticəsində təşkilat təkcə mədəni-mənəvi platforma olaraq qalmadı, həm də siyasi çəkisi, iqtisadi gücü və təhlükəsizlik sahəsində nüfuzu ilə seçilən qlobal aktora çevrildi. Onun rəhbərliyi ilə qəbul edilən qərarlar, irəli sürülən təşəbbüslər türk dövlətlərini birləşdirən sütunlara çevrildi.
Azərbaycanın ev sahibliyi etdiyi Zirvə görüşləri də bu prosesin bariz göstəricisidir. Xüsusilə Qəbələdə keçirilən son toplantı türk dövlətlərinin həmrəyliyinin təntənəsi oldu. Burada qəbul olunan qərarlar gələcəkdə daha sıx əməkdaşlıq üçün yol açdı, qlobal çağırışlara ortaq cavab verməyin yeni mexanizmlərini müəyyənləşdirdi. Bu, bir daha göstərdi ki, Prezident İlham Əliyevin liderliyi altında Azərbaycan təşkilatın lokomotivinə çevrilib.
Dövlət başçısının təşəbbüsləri ilə gündəliyə strateji nəqliyyat dəhlizləri, enerji təhlükəsizliyi, müdafiə əməkdaşlığı, rəqəmsal transformasiya kimi yeni istiqamətlər daxil edilib. Bu, türk dövlətlərinin yalnız region daxilində deyil, qlobal miqyasda da söz sahibi olmasına imkan yaradıb. Azərbaycan bu gün təşkilatın etibarlı dayağı və aparıcı qüvvəsi kimi çıxış edir.
Türk Dövlətləri Təşkilatı təkcə üzv dövlətlər üçün deyil, həm də bütövlükdə bölgə və dünya üçün strateji əhəmiyyət daşıyır. O, iqtisadi potensialı birləşdirir, Asiya ilə Avropa arasında körpü rolunu möhkəmləndirir, regional sabitliyin təmin edilməsinə xidmət edir. Gənclərimiz üçün yeni imkanlar açır, ortaq dəyərlərimizi yaşadır, gələcək nəsillərə daha güclü bir türk dünyası miras qoyur.
Naxçıvanda əsası qoyulmuş bu müqəddəs birlik artıq dönməz bir yoldur. Tariximizin sınaqlarından keçmiş ortaq köklərimiz indi müasir dünyanın çağırışlarına cavab verən siyasi və iqtisadi gücə çevrilib. Prezident İlham Əliyevin uzaqgörən siyasəti və qətiyyətli liderliyi ilə türk birliyi daha da güclənəcək. XXI əsrdə türk dünyası yalnız regionda deyil, bütün dünyada öz sözünü daha gur səslə deyəcək”.