Ətirli çaylar həqiqətən orqanizm üçün zərərlidir? - EKSPERT AÇIQLADI

7 Oktyabr 2025 14:21 (UTC+04:00)

Son illərdə insanların sağlam həyat tərzinə marağının artması ilə birgə istehlak etdikləri məhsulların tərkibinə və mənşəyinə qarşı diqqət də yüksəlmişdir. Bu kontekstdə gündəlik qida rasionunda özünəməxsus yerə sahib olan çay məhsulları da araşdırma və müzakirə mövzusuna çevrilmişdir. Xüsusilə son günlərdə ətirli çaylarla bağlı yayılan xəbərlər və ictimai narahatlıq bu məsələyə marağı daha da artırıb. Mətbuatda və sosial şəbəkələrdə bəzi ətirli çayların tərkibində insan sağlamlığına zərərli ola biləcək kimyəvi maddələrin olduğu iddia olunur. Bu isə həm istehlakçıların, həm də mütəxəssislərin diqqətini cəlb edərək, bu tip çayların təhlükəsizliyi və istifadəsinin məqsədəuyğunluğu ilə bağlı ciddi suallar doğurur.

Bəs, həqiqətən də ətirli çaylar orqanizm üçün zərərlidir?

Məsələ ilə bağlı qida eksperti Asim Vəliyev SİA-ya açıqlamasında bildirib ki, bu çaylar təbii üsullarla, süni ətir və rəngləndiricilərlə hazırlanır:

"Bir çox hallarda bəzi istehsalçılar istehlakçıya xoş qoxu və dad vermək üçün kimyəvi tərkibli maddələrdən istifadə edir. Bu hal uzunmüddətli istifadə zamanı sağlamlıq riski yarada bilər. Ətirli çayların hazırlanmasında təbii və sintetik olmaqla iki əsas yanaşma var. Təbii ətirli çaylar əsasən qurudulmuş bitkilər, çiçəklər, meyvə qabıqları, ədviyyatlar, efir yağları ilə zənginləşdirilir. Bu çaylarda istifadə olunan komponentlər orqanizmdə antioksidant, sakitləşdirici və həzm sistemini tənzimləyici təsir göstərə bilər. Süni ətirli çaylar isə daha ucuz istehsal üsulu baxımından çox yayılıb. Burada təbii dad və qoxu kimyəvi yolla əldə olunur. Ətir və dad verici sintetik qarışıqlardan, yəni aromatizatorlardan istifadə olunur. Bu maddələrin bəziləri beynəlxalq qida təhlükəsizliyi standartlarına uyğun olsa da, keyfiyyətsiz və nəzarətsiz istehsal hallarında tərkibdə ftalatlar, formaldehid törəmələri, süni boya maddələri kimi zərərli komponentlərə rast gəlinə bilər. Bu tip birləşmələr uzunmüddətli istehlak zamanı qaraciyər və böyrəklər təsir edir.

Bəzi hallarda allergik reaksiyalar və hormonal pozğunluqlar yarada bilər. Hər ətirli çayı zərərli hesab etmək doğru deyil. Əsas məsələ onun mənşəyi və tərkibi ilə bağlı düzgün məlumat olmasıdır. Yaxşı keyfiyyətli istehsalçılar etiketdə təbii aroma, bitki ekstraktı, efir yağı kimi ifadələr göstərir. Əgər çayın üzərində aroma və ya flavor kimi ümumi terminlər yazılıbsa, o məhsulun süni kimyəvi tərkibli olma ehtimalı yüksəkdir. Hətta uzun müddət kimyəvi ətirli məhsulların istehlakı orqanizmdə mikrotoksik təsirlər toplaya bilər. Bu baxımdan ətirli çayların tez-tez yox, arabir içilməsi yaxşı olar. Gündəlik istifadədə zamanl təbii yarpaqlı və bitki əsaslı çaylara üstünlük verməliyik. Özümüz evdə ətirli çay hazırlaya bilərik. Qara və ya yaşıl çayın üzərinə təbii limon qabığı, darçın çubuğu, qurudulmuş çiçəklər əlavə etməklə ətirli çay içə bilərik".