""Qarabağ"ın "Çelsi" ilə qarşılaşması təkcə bir futbol oyunu deyil, həm də Azərbaycan futbolunun beynəlxalq səviyyədə özünü göstərməsi üçün mühüm hadisədir. Bu cür oyunlar həm klub, həm də ölkə futbolu üçün böyük təcrübə və motivasiya mənbəyidir". Bu sözləri SİA-ya açıqlamasında baş məşqçi Arif Əsədov deyib.
Onun sözlərinə görə, "Qarabağ" artıq illərdir ki, Avropa arenasında stabil çıxış edən, intizamlı oyunu və taktiki düşüncəsi ilə tanınan bir komandadır: ""Çelsi" isə dünyanın ən tanınmış və maliyyə baxımından güclü klublarından biridir. Ona görə də bu qarşılaşma "Qarabağ" üçün həm sınaq, həm də öz gücünü ölçmək imkanıdır. Ev oyunlarının fərqli atmosferi olur. Azarkeşlərin yaratdığı ab-hava futbolçuların psixoloji durumuna müsbət təsir edir. Bu dəfə də "Qarabağ" azarkeşlərinin dəstəyi komandanın ruh yüksəkliyini artıracaq. Lakin nəzərə almaq lazımdır ki, belə oyunlarda təkcə motivasiya deyil, taktiki intizam da çox vacibdir. "Çelsi" kimi komandalara qarşı oynayarkən səhv üçün yer olmur. Buna görə də "Qarabağ" daha çox balanslı və müdafiə yönümlü strategiya seçəcək, amma fürsət düşdükdə sürətli əks-hücumlarla rəqib qapısında təhlükə yaratmağa çalışacaq.
Bu qarşılaşma gənc futbolçular üçün də böyük dərs olacaq. Onlar real peşəkarlığın, yüksək səviyyəli futbolun necə oynandığını birbaşa meydanda görəcəklər. Ən əsası isə, belə oyunlar Azərbaycan futbolunun inkişafı üçün motivasiya yaradır, gəncləri idmana, futbola yönəldir. Nəticə nə olursa-olsun, "Qarabağ"ın bu səviyyədə oyunlara çıxması artıq böyük uğurdur. Hər belə matç təcrübə, inam və beynəlxalq imic deməkdir. Əgər komanda intizamlı oyun göstərərsə, "Çelsi" kimi nəhəng bir rəqib qarşısında layiqli nəticə qazanmaq mümkündür. Bu qarşılaşma, əslində, Azərbaycan futbolunun inkişaf yolunda növbəti addım kimi dəyərləndirilə bilər".