II Azərbaycan Halal Biznes Forumu çərçivəsində sənədlər imzalanıb

7 Oktyabr 2025 12:13 (UTC+04:00)

Bakıda keçirilən 2-ci Azərbaycan Halal Biznes (AZHAB) Forumu çərçivəsində iki sənəd imzalanıb. SİA xəbər verir ki, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və Türkiyənin Bilişim Vadisi arasında imzalanmış Anlaşma Memorandumuna əsasən Bilişim Vadisi Bakı İqlim Bəyanaməsinə dəstəyini ifadə edib.

Sənəddə “yaşıl iqtisadiyyat”, “yaşıl texnologiyalar” və “yaşıl sahibkarlıq” kimi istiqamətlər üzrə maarifləndirici tədbirlərin və ortaq təşəbbüslərin həyata keçirilməsi, ətraf mühitin mühafizəsi sahəsində əməkdaşlıq məsələləri nəzərdə tutulur. Sənədi KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov və Blişim Vadisinin baş meneceri Erkam Tüzgen imzalayıblar.

Qeyd edək ki, “KOB-ların yaşıl keçidi üçün Bakı İqlim Koalisiyası üzrə Birgə Bəyannamə” COP29 çərçivəsində KOBİA tərəfindən irəli sürülüb. Qlobal müstəvidə KOB-ların yaşıl hərəkatının yaradılması məqsədi daşıyan bəyannaməyə qoşulan ölkələrdə KOB-ların yaşıl keçidinin asanlaşdırılması və bu sahədə qarşılaşdıqları çətinliklərin aradan qaldırılması üçün bir sıra tədbirlər nəzərdə tutulur. Artıq sözügedən bəyannaməyə 20-dən çox beynəlxalq təşkilat və xarici ölkələrin milli qurumları qoşulub.

Digər sənəd Malayziyanın “Berhad” Halal İnkişaf Korporasiyası ilə KOBİA arasında imzalanıb. Anlaşma Memorandumunu “Berhad” Halal İnkişaf Korporasiyasının baş icraçı direktoru Hairol Arifeyn Bin Sahari və KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov imzalayıb. Sənəddə hər iki qurumun imkanlarından istifadə olunmaqla biznes, investisiya və ixrac, eləcə də halal sənaye kimi sahələdə bilik və təcrübə mübadiləsinin aparılması, birgə təlim proqramlarının icrası və s. istiqamətlərdə əməkdaşlıq nəzərə tutulur.