“Vətən müharibəsinin tarixi - Azərbaycanın ərazi bütövlüyünün bərpası. Şəxsiyyət amili” - FOTO

7 Oktyabr 2025 06:43 (UTC+04:00)

XI Bakı Beynəlxalq Kitab Sərgisi çərçivəsində “Vətən müharibəsinin tarixi - Azərbaycanın ərazi bütövlüyünün bərpası. Şəxsiyyət amili” kitabının təqdimatı olub. SİA xəbər verir ki, nəşr Bakı Şəhər İcra Hakimiyyəti, Azərbaycan Milli Elmlər Akademiyası və Bakıxanov adına Tarix və Etnologiya İnstitutunun birgə layihəsidir.

Layihə rəhbəri və ön söz müəllifi Eldar Əzizov, elmi redaktoru isə tarix elmləri doktoru, professor, Dövlət mükafatı laureatı Kərim Şükürovdur.

Tədbiri giriş sözü ilə “Şərq-Qərb” nəşriyyatının baş redaktoru Nərgiz Cabbarova açıb. O, çıxışında qeyd edib ki, Azərbaycanda Vətən müharibəsi başa çatdıqdan sonra 44 günlük müharibəyə həsr olunmuş ilk nəşrlərdən biri “Şərq-Qərb” nəşriyyatında işıq üzü görən və dünyanın on dilinə tərcümə edilmiş fundamental tədqiqatın birinci cildi olan “Vətən müharibəsinin tarixi. Şəxsiyyət faktoru” adlı kitab olub.

“Bu gün təqdim olunan ikinci cild yeni mərhələyə - qayıdış və dirçəlişə həsr olunub. Kitab artıq Azərbaycan və rus dillərində işıq üzü görüb, yaxın vaxtlarda isə ingilis dilində də təqdim ediləcək”, - deyə N.Cabbarova vurğulayıb.

Sonra Bakı Şəhər İcra Hakimiyyətinin baş müşaviri Mirtural Mirsultanov çıxış edib.

O, vurğulayıb ki, kitabın ikinci cildi müharibədən sonrakı dövrdə - şanlı qələbədən sonra baş verən hadisələrə həsr olunub və o dövrün ən əlamətdar mərhələlərinin təsvirini ehtiva edir.

“Kitabda antiterror əməliyyatı, bərpa işləri, Xankəndi, Xocavənd, Əsgəran, Ağdərədə Azərbaycan Dövlət Bayrağının ucaldılması, eləcə də Xankəndidə keçirilən hərbi parad kimi mühüm məqamlar işıqlandırılır”, - deyə Mirsultanov bildirib.

Onun sözlərinə görə, bu kitablar şanlı qələbəmizin və ondan sonrakı nailiyyətlərin təhlilinin gələcək nəsillərə ötürülməsində mühüm rol oynayır.

Bundan əlavə, bu nəşrlər Vətən müharibəsi ilə bağlı həqiqətlərin təbliği və beynəlxalq miqyasda təqdim edilməsi məqsədilə Xarici İşlər Nazirliyinin və Azərbaycan Mərkəzi Kitabxanasının köməyi ilə bütün dünyada yayılır.

Növbəti çıxış edən alim, Azərbaycan Milli Elmlər Akademiyasının Bakıxanov adına Tarix və Etnologiya İnstitutunun katibi, tarix üzrə fəlsəfə doktoru Bəhman Əliyev 44 günlük Vətən müharibəsindən sonra çoxsaylı kitabların nəşr olunduğunu, təqdimatların keçirildiyini qeyd edib.

Onun sözlərinə görə, bu əsər onların hamısının arasında xüsusi yer tutur. Burada həm hadisələrin xronologiyası, həm də Azərbaycan ərazilərinin bərpası, şəxsiyyətin rolu və dövlətçilik ideologiyası məsələlərinin dərin elmi təhlili təqdim edilib.

“Şərq-Qərb” nəşriyyatının direktoru Sevil İsmayılova çıxışında “Şərq-Qərb” nəşriyyatının Azərbaycanı dünyanın müxtəlif ölkələrində keçirilən beynəlxalq sərgilərdə fəal şəkildə təmsil etdiyini vurğulayıb.

“Bu kitabın təqdimatları artıq Türkiyə, İtaliya və Çində dövlət səviyyəsində keçirilib. Bu kitab artıq geniş yayılıb – o, kitabxanalarda, sərgilərdə və dünyanın bir çox şəhərlərində nümayiş olunur”, - deyə İsmayılova sözünü yekunlaşdırıb.

Qeyd edək ki, birinci cild müharibənin gedişi, Azərbaycan xalqının keçdiyi yol və sınaqlar, ikinci cild isə qayıdış, bərpa, genişmiqyaslı quruculuq işləri dövrü haqqında bəhs edir.

Kitabda Qarabağ bölgəsində gedən bərpa prosesləri, “Böyük Qayıdış” proqramının həyata keçirilməsi, Azərbaycanın tam dövlət suverenliyinin bərpasını başa çatdıran lokal antiterror əməliyyatı, eləcə də dövlət siyasətinin strateji istiqamətləri haqqında materiallar öz əksini tapıb.

Kitabın müəllifləri tanınmış alimlər və ictimai xadimlərdir, onların arasında tarix elmləri doktoru, professor Nazim Məmmədov, Milli Məclisin deputatı Musa Quliyev, Azərbaycan Memarlar İttifaqının sədri Elbəy Qasımzadə, publisist və politoloq Teymur Atayev yer alıblar.