"Kitab müəllifləri ilə ünsiyyət oxucu üçün yaddaqalan, mənalı təcrübədir"

6 Oktyabr 2025 18:07 (UTC+04:00)

Mütaliə mədəniyyətinin qorunması və kitab oxumaq vərdişlərinin gənc nəsil arasında təbliği cəmiyyətin intellektual inkişafı baxımından mühüm əhəmiyyət daşıyır. Bu istiqamətdə keçirilən tədbirlər təkcə maarifləndirici deyil, həm də insanlarda ədəbiyyata, elmə və yaradıcılığa olan marağın artırılmasına xidmət edir.

SİA-nın məlumatına görə, bu fikirləri Milli Məclisin deputatı Vüqar Rəhimzadə söyləyib.

Vüqar Rəhimzadənin sözlərinə görə, kitab müəllifləri ilə ünsiyyətdə olmaq, onların yaradıcılığı haqqında məlumat almaq hər bir oxucu üçün yaddaqalan və mənalı təcrübədir.

“Bu il də Bakı Beynəlxalq Kitab Sərgisinin ziyarətçilərinin sayı kifayət qədər çoxdur və bu, cəmiyyətin kitaba və oxu mədəniyyətinə marağının azalmadığını göstərir. Belə tədbirlər insanların fikir mübadiləsi aparması, yeni müəllifləri tanıması və yaradıcı mühitin formalaşması üçün mühüm platforma rolunu oynayır. AZƏRTAC-ın sərgidə təqdim etdiyi stend agentliyin zəngin fəaliyyət istiqamətlərini və özünəməxsus prinsiplərini aydın şəkildə əks etdirir”, - deyə deputat əlavə edib.