“Yol qəzalarının kökündə duran acı reallıq məsuliyyət, nəzarət və biganəlikdir. Yol-nəqliyyat hadisələri, demək olar ki, hər gün baş verən, bəzən həyatlara son qoyan, bəzən də uzun illər davam edən ağrılar buraxan faciələrdir. Amma bu hadisələrin səbəbləri heç də sirr deyil. Məsələni sadəcə "sürətlə" və ya "diqqətsizliklə" izah etmək yetərli deyil. Burada məsələ daha dərin və kompleksdir”. Bu sözləri SİA-ya açıqlamasında nəqliyyat üzrə ekspert Elməddin Muradlı deyib.
O bildirib ki, ən başlıca səbəblərdən biri, sürücülərin məsuliyyətsiz davranışları və yol hərəkəti qaydalarına ya bələd olmamaları, ya da bilərəkdən əməl etməmələridir: “Bu cür münasibət, təkcə şəxsi deyil, kollektiv təhlükəsizliyə təhdiddir. Avtomobillərin texniki vəziyyəti də az rol oynamır. Belə ki, vaxtında texniki baxışdan keçməyən, nasaz vəziyyətdə olan avtomobillər də olduqca çoxdur.
Yolların vəziyyəti isə isə prosesi daha da gərginləşdirir. Yol nişanlarının olmaması və ya görünməməsi, işıqlandırmanın yetərsizliyi, yolların düzgün planlaşdırılmaması, hətta ağacların yol nişanlarının qarşısını kəsməsi belə təhlükəyə yol açır.
Ən çox təəssüf doğuran məqamlardan biri isə piyada vurmaların yüksək sayda olmasıdır. Keçidlərin azlığı, piyadaların qaydalara əməl etməməsi, keçidlərin arasındakı böyük məsafə, bütün bunlar birgə ölüm və ya xəsarətlə nəticələnən hadisələrə zəmin yaradır.
Ortada dövlət proqramları, rəsmi sənədlər olsa da, məsul qurumların bu sənədlərə yanaşmasında laqeydlik hiss olunur. İcra mexanizmlərinin zəifliyi və ya gecikdirilməsi nəticədə vətəndaşın həyatına başa gəlir.
Yol təhlükəsizliyi məsələsinə hissə-hissə yox, kompleks yanaşma zəruridir. Təkcə cərimə etməklə, radar quraşdırmaqla deyil, həm də maarifləndirmə, infrastrukturun təkmilləşdirilməsi, ictimai nəzarətin gücləndirilməsi ilə bu problemin qarşısını almaq mümkündür. Əks halda, yollarımız ölüm yoluna çevrilməkdə davam edəcək”.