"Bu sistem işin səmərəliliyinə müsbət təsir göstərə bilər" - İQTİSADÇI EKSPERT DANIŞDI

6 Oktyabr 2025 16:23 (UTC+04:00)

"Pandemiyadan sonra bir çox ölkələrdə “uzaqdan iş” forması artıq əmək bazarının ayrılmaz hissəsinə çevrilib". Bunu SİA-ya açıqlamasında iqtisadçı ekspert Natiq Cəfərli deyib.

Onun sözlərinə görə, uzaqdan iş modelini hər sahədə tətbiq etmək mümkün deyil: "Təbii ki, xidmət sahəsində bu real olaraq həyata keçirilə bilməz. Məsələn, kafe, restoran, otel, muzey kimi müəssisələrdə iş mütləq yerində görülməlidir. Eyni zamanda dövlət büdcəsi ilə maliyyələşən təşkilatlarda — müəllim, həkim, polis və təhlükəsizlik qüvvələri kimi sahələrdə də uzaqdan işləmək mümkün deyil. Lakin bəzi nazirliklərdə və dövlət idarələrində bu sistemi tətbiq etmək mümkündür. Əsasən də sənədlərlə işləyən qurumlarda — lisenziyaların verilməsi, sənədləşmə işlərinin aparılması kimi proseslərdə uzaqdan iş formatı səmərə verə bilər. Bu, həm də yollardakı gərginliyi azalda, nəqliyyatın və avtomobil yollarındakı tıxacların qarşısını müəyyən qədər ala bilər.

Kommersiya sahəsində isə bu istiqamətdə dövlətin addım atması doğru olmaz. Bu məsələdə qərarı kommersiya təşkilatları özləri verməlidir. Hər bir müəssisə optimallaşdırma imkanlarını nəzərə alaraq, uzaqdan iş modelinin onlara sərfəli olub-olmadığını müəyyən etməlidir. Çünki bu, birbaşa onların gəlirlərinə təsir göstərir.

Ümumilikdə, uzaqdan iş məsələsi daha çox büdcə təşkilatlarında tətbiq oluna bilər. Bu, həm idarəetmədə çevikliyi artırar, həm də işin səmərəliliyinə müsbət təsir göstərə bilər".