Rusiyanın “kölgə donanması” nefti Avropa dənizlərinə axıdır...

6 Oktyabr 2025 20:25 (UTC+04:00)

...Rusiyanın “kölgə donanması”ndan olan tankerlər sanksiyalara və belə gəmilərə xidmət göstərilməsi ilə bağlı məhdudiyyətlərə baxmayaraq, Avropa sularına neft tökür..?

SİA xəbər verir ki, “Politico”nun “SourceMaterial” jurnalist qrupunun araşdırmasına istinadən verdiyi məlumata görə, sanksiyaların qarşısının alınması sxemlərində iştirak edən ən azı beş Rusiya tankeri təkcə son bir ildə Avropa sahillərində neft dağılmalarının izlərini qoyub.

Onlardan ikisi dənizi çirkləndirən zaman artıq Britaniya sanksiyaları altında idi.

Latviyanın energetika naziri Kaspars Melnis vəziyyəti "böyük problem" adlandırıb və xəbərdarlıq edib ki, Avropa "möcüzəvi şəkildə ekoloji fəlakətdən qaçır".

...Kölgə donanması Putinin dənizləri çirkləndirərək neft gəlirlərini qorumaq üçün çıxılmaz və təhlükəli cəhdidir.

Bunu deyən Britaniya Xarici İşlər Nazirliyinin sözçüsü əlavə edib ki, Rusiya “əsas təhlükəsizlik standartlarına məhəl qoymayan və Avropanı genişmiqyaslı ekoloji fəlakət riski altına qoyan” gəmilərdən istifadə edir.

Müstəntiqlər SkyTruth tərəfindən təqdim edilən peyk görüntülərinə və Kpler platformasından göndərilən məlumatlara istinad edirlər.

Bu materiallar təsdiq edir ki, Rusiyaya bağlı gəmilər faktiki olaraq nəzarətsiz fəaliyyət göstərir.

Yeni məlumatlar 2024-cü ildən etibarən Avropa sularında neft dağılmalarını sənədləşdirən Politico araşdırmasından sonra gəlir.

Əli Babayev