"Qarabağda ciddi təhlükə artıq qalmayıb" - MÜNASİBƏT BİLDİRİLDİ

6 Oktyabr 2025 15:45 (UTC+04:00)

"Minaların təmizlənməsi prosesi mənə elə gəlir ki, kifayət qədər sürətlə aparıldı". Bunu SİA-ya açıqlamasında politoloq Əhəd Məmmədli deyib.

Onun sözlərinə görə, əsas mina sahələri Aran Qarabağ ərazisində yerləşirdi. Ermənilər özlərinin yaşadıqları Dağlıq Qarabağ ərazilərində o qədər də mina yerləşdirməmişdilər: "Lakin 2020–2023-cü illər arasında, sülhməramlıların bölgədə olduğu dövrdə, ermənilər bəzi dağlıq hissələrə də mina yerləşdirmiş ola bilərlər. Amma hesab edirəm ki, bu, geniş miqyasda baş verməyib.

Fikrimcə, əsas təhlükə artıq aradan qaldırılıb və minaların böyük hissəsi təmizlənib. Təbii ki, bu proses hələ tam yekunlaşmayıb. Məsələn, İkinci Dünya Müharibəsindən 80 il keçməsinə baxmayaraq, bu gün də Rusiyanın meşəlik ərazilərində partlamamış bombalar tapılır. Qarabağ münaqişəsi də uzun illər davam etdiyindən, gələcəkdə hansısa mina və ya qalıqların aşkarlanması mümkündür. Lakin əsas məsələ ondadır ki, artıq bu ərazilərdə Azərbaycan vətəndaşları üçün ciddi təhlükə qalmayıb. Çünki əsas yaşayış sahələri və yollar təmizlənib, insanların geri qayıdışı və sərbəst hərəkəti təmin olunub.

Hazırda vətəndaşlar portal vasitəsilə qeydiyyatdan keçərək Qarabağa səfər edə bilirlər. Bu da onu göstərir ki, təhlükəsizlik sahəsində böyük irəliləyiş əldə edilib. Bu işlərdə iştirak edən ANAMA əməkdaşlarının, xarici mütəxəssislərin və ümumilikdə bu sahədə çalışan hər kəsin fəaliyyəti yüksək qiymətləndirilməlidir. Dövlətin gördüyü tədbirlər və minalardan təmizləmə prosesi ümumilikdə müsbət nəticələr verib və ölkənin təhlükəsiz gələcəyi üçün mühüm əhəmiyyət daşıyır".