"Türk Dövlətləri Təşkilatının əsası Naxçıvanda qoyulmuşdur. 3 oktyabr 2009-cu ildə Naxçıvan Sazişi ilə Türk dövlətləri arasında rəsmi, institusional bir təşkilatın yaradılmasına qərar verilmişdir. Bu qərardan sonra Türk Şurası qurularaq, baş katiblik fəaliyyəti İstanbulda başlamışdır. 2009-cu ildən etibarən zirvə toplantıları Türk Şurası tərəfindən təşkil olunmuşdur. 2021-ci ildə Qarabağ zəfərindən sonra Türk Dövlətləri Təşkilatı təsis edilmişdir. Beləliklə, bu təşkilat beynəlxalq bir quruma çevrilmişdir". Bu sözləri SİA-ya açıqlamasında Türkiyənin Azərbaycandakı sabiq səfiri, “İmza” İctimai Birliyinin Türkiyə təmsilçisi Hulusi Kılıç deyib.
Onun sözlərinə görə, Türk Dövlətləri Təşkilatı — Avropa Şurası və Avropa Birliyi kimi, üzv ölkələr arasında soykökü, dil, sivilizasiya və tarix birliyinə əsaslanan bir təşkilatdır: "Məqsədi üzv ölkələr arasında hər sahədə əməkdaşlığı inkişaf etdirməkdir. Bu, hərbi ittifaq deyil, NATO və ya keçmiş Varşava Paktı kimi bir qurum deyil; soykökü, dil, tarix və mədəniyyət birliyi üzərində qurulmuşdur. Azərbaycan, zirvə təşkilatçılığı sahəsində olduqca təcrübəlidir. İndiyə qədər Azərbaycanda keçirilmiş bütün zirvə toplantıları müsbət nəticələr vermişdir. Xüsusilə Türk Dövlətləri Təşkilatı ilə bağlı toplantılarda Azərbaycanda çox mühüm qərarların qəbul edildiyi məlumdur. 12-ci Zirvədə də mühüm qərarların qəbul olunacağı gözlənilir.
6–7 Oktyabr 2025-ci ildə Qəbələdə keçiriləcək zirvənin mövzusu sülh və təhlükəsizlikdir. Zirvə, regional və beynəlxalq məsələlərin müzakirə edildiyi, Türk dünyasında əməkdaşlığın gücləndirilməsi, sülh və rifahın təşviqi istiqamətində mühüm sənədlərin qəbul edildiyi əhəmiyyətli bir platforma olacaq. Dövlət başçıları şurasının iclasından bir gün əvvəl Xarici İşlər Nazirləri Şurasının iclası keçiriləcək. Qəbələdə baş tutacaq bu mühüm zirvə, keçmişlə bu günün qovuşmasını simvolizə edir və Türk dövlətləri arasında dostluq, qardaşlıq, həmrəylik və tərəfdaşlığın daha da möhkəmləndirilməsi istiqamətində ortaq baxışı əks etdirir.
7 oktyabrda dünyanın gözü Qəbələdə olacaq. Türk Dövlətləri Təşkilatı dünyaya sülh və təhlükəsizlik mesajı verəcək. Eyni zamanda, Türk Dövlətləri arasında əməkdaşlığın gücləndirilməsi və qarşıdakı dövr üçün əməkdaşlıq yol xəritəsi müəyyənləşdiriləcək. Dünyaya bu mesaj veriləcək ki, Türk Dövlətləri Təşkilatı dünya sülhü və təhlükəsizliyi naminə getdikcə güclənən bir quruma çevrilir.
Türk Dövlətləri Təşkilatı ortaq soy, dil, tarix və mədəniyyətə əsaslanan bir qurumdur. Heç bir ölkəyə təhdid yaratmır və Türk dünyası üçün birlik platformasıdır. Nəticə etibarilə, Türk dünyası — daha doğrusu, türk milləti üçün bu zirvə böyük bir mənəvi ruh yüksəkliyi, gələcək üçün isə geniş bir baxış bucağı yaradacaq. Hər il keçirilən bu zirvələr Türk dünyasını daha da irəli aparacaq. Bu zirvənin də son dərəcə uğurlu keçəcəyi gözlənilir".