"Azərbaycan Prezidenti cənab İlham Əliyevin Avropa Siyasi Birliyinin 7-ci Zirvə Toplantısında iştirakı ölkəmizin beynəlxalq arenadakı nüfuzunun və siyasi çəkisinin bariz göstəricilərindən biri oldu. Bu mötəbər tədbir çərçivəsində Prezident İlham Əliyev Avropa İttifaqı Komissiyasının sədri, Avropa Şurasının prezidenti, habelə bir sıra Avropa ölkələrinin liderləri ilə mühüm və məzmunlu görüşlər keçirdi". Bu sözləri SİA-ya açıqlamasında deputat Vüqar İskəndərov deyib.
Onun sözlərinə görə, bu görüşlər zamanı tərəflər arasında ikitərəfli münasibətlərin mövcud vəziyyəti, inkişaf perspektivləri, regional və qlobal əhəmiyyətli məsələlər ətrafında geniş fikir mübadiləsi aparıldı:
"Maraq doğuran mühüm məqamlardan biri ondan ibarətdir ki, bu görüşlərin əksəriyyəti qarşı tərəfin təşəbbüsü ilə həyata keçirildi. Bu fakt bir daha sübut edir ki, artıq Avropa institutları və aparıcı dövlətləri Azərbaycanla əməkdaşlığa sırf formal və yaxud tənqidi prizmadan deyil, real, praqmatik və strateji baxış bucağından yanaşmağa başlayıblar. Bu dəyişiklik həm də Azərbaycanın bölgədə və daha geniş coğrafiyada artan əhəmiyyətinin, onun enerji təhlükəsizliyi, logistik imkanlar və geosiyasi balans baxımından əvəzolunmaz tərəfdaş olduğunu bir daha göstərir.
Qeyd olunmalıdır ki, əvvəlki illərdə bəzi Avropa institutlarının — xüsusilə də Avropa Parlamenti və Avropa Şurasının — Azərbaycana qarşı qərəzli, qeyri-obyektiv və ikili standartlara əsaslanan mövqeyi müşahidə olunurdu. İnsan hüquqları və demokratik inkişafla bağlı seçici yanaşmalar, siyasi motivli qətnamələr və digər hallarda ədalətli olmayan yanaşmalar münasibətlərin soyuq və gərgin fon almasına səbəb olurdu. Lakin son dövrlərdə bu münasibətlərin dəyişməkdə olduğu, yeni dövrə qədəm qoyduğu müşahidə olunur. Bu dəyişikliyin arxasında duran əsas faktor isə Azərbaycanın beynəlxalq aləmdə mövqelərinin möhkəmlənməsi, Prezident İlham Əliyevin beynəlxalq nüfuzu və ölkəmizin yaratdığı yeni regional reallıqlardır.
Bu reallıqların ən önəmlilərindən biri 2023-cü ilin sentyabr ayında keçirilmiş qısa müddətli, lakin səmərəli antiterror tədbirləri nəticəsində Azərbaycanın öz suverenliyini və ərazi bütövlüyünü tam şəkildə bərpa etməsi oldu. Uzun illərdir davam edən və regionda sabitliyə maneə yaradan separatizmin birdəfəlik aradan qaldırılması region üçün yeni mərhələnin başlanğıcı oldu. Şübhəsiz ki, bu tarixi nailiyyət bəzi xarici dairələrdə narahatlıq yaratmışdı. Lakin Prezident İlham Əliyevin milli maraqlara əsaslanan prinsipial mövqeyi, diplomatik manevr imkanları və beynəlxalq hüququn tələblərinə söykənən yanaşması nəticəsində bu cəhdlərin qarşısı qətiyyətlə alındı.
Zirvə çərçivəsində keçirilən ikitərəfli və çoxtərəfli görüşlər bir daha sübut etdi ki, Avropa artıq Azərbaycanın dəyişən reallıqlarını qəbul etməyə başlayıb. Əvvəllər dominant olan selektiv və təktərəfli yanaşmalar artıq yerini bərabərhüquqlu və qarşılıqlı hörmətə əsaslanan əməkdaşlıq münasibətlərinə verir. Bu, həm də Azərbaycanın beynəlxalq hüquqa, ərazi bütövlüyünə və suverenliyə verdiyi önəmin, eləcə də müstəqil siyasət yürütməsinin beynəlxalq miqyasda etiraf olunmasının nəticəsidir.
Avropa ölkələrinin enerji təhlükəsizliyi məsələsində Azərbaycanın oynadığı rolu da xüsusilə vurğulamaq lazımdır. Avropa İttifaqının alternativ enerji mənbələrinə olan ehtiyacının artdığı bir dövrdə Azərbaycan regionun əsas enerji habına çevrilməkdədir. Cənub Qaz Dəhlizi, Trans-Anadolu (TANAP) və Trans-Adriatik (TAP) kəmərləri vasitəsilə Azərbaycan qazı Avropa bazarlarına təhlükəsiz və dayanıqlı şəkildə çatdırılır. Bu da ölkəmizi Avropa üçün etibarlı, məsuliyyətli və strateji tərəfdaşa çevirir.
Eyni zamanda, Azərbaycanın tranzit-logistika imkanları da Avropa ilə Asiyanı birləşdirən əsas marşrutların üzərində yerləşməsi baxımından xüsusi əhəmiyyət kəsb edir. Zəngəzur dəhlizi və digər yeni nəqliyyat layihələri Azərbaycanın regional və beynəlxalq əməkdaşlıqda oynadığı rolu daha da artırır.
Bütün bu reallıqlar fonunda Prezident İlham Əliyevin Avropa Siyasi Birliyinin 7-ci Zirvə Toplantısında iştirakı ölkəmizin xarici siyasət kursunun növbəti uğurudur. Dövlət başçımızın bu zirvədə apardığı ikitərəfli və çoxtərəfli danışıqlar, Azərbaycanın mövqeyini prinsipial və aydın şəkildə ifadə etməsi ölkəmizin beynəlxalq münasibətlər sistemində nə qədər müstəqil və təsirli aktor olduğunu bir daha sübut etdi.
Nəticə etibarilə, bu zirvə Azərbaycan diplomatiyasının növbəti qələbəsi, Prezident İlham Əliyevin məqsədyönlü və uzaqgörən siyasətinin bəhrəsidir. Avropa liderləri Azərbaycanın siyasi, iqtisadi və təhlükəsizlik baxımından regiondakı rolunu və mövqeyini qəbul edir, ona hörmətlə yanaşırlar. Bu isə Azərbaycanın beynəlxalq aləmdə artan nüfuzunun, güclənən dövlətçilik ənənələrinin və müstəqil siyasətinin təntənəsidir".