İrəvan Bakının sülh müqaviləsinin imzalanması ilə bağlı tələblərindən niyə narazıdır?
Ermənistan özünü sülh tərəfdarə, sülhə can atan tərəf kimi göstərməyə çalışır. Əslində bu qədər “istəkli” ölkənin addımları ilə 30 illik işğalçı imici bir araya sığmır. Bir az da dəqiqləşdirsək, bu qədər “sülhpərvər” donuna girməyə çalışan Ermənistan Azərbaycan torpaqlarını işğal edəndə, insanları yurd-yuvasından didərşin salanda, onlara məxsus mülkləri, var-dövləti ələ keçirəndə, vətəndaşlarımızı əsir və girov götürəndə, 4 minə yaxın azərbaycanlını izsiz-soraqsız itirəndə belə düşünmürdü.
Əldə etdiyimiz məlumata görə, Ermənistan parlamenti Azərbaycanla sülhün bərqərar olunması ilə bağlı tələsik bəyanat qəbul edib. “Mülki Müqavilə” fraksiyasının hazırladığı bəyanat 64 səs lehinə, ikisi bitərəf olmaqla qəbul edilib. Müxalifət debatın əvvəlində palatanı tərk edərək səsvermədə iştirak etməyib. Bəyanatda bu il avqustun 8-də Vaşinqtonda Ermənistan, ABŞ və Azərbaycan liderləri tərəfindən imzalanmış sazişlərin əsasını təşkil edən məqamlar öz əksini tapıb.
Sənəddə qeyd edilir ki, parlament Ermənistanın baş naziri və Azərbaycan prezidentinin ABŞ prezidenti ilə görüşdə imzalanmış birgə bəyannaməsini dəstəklədiyini bildirir və orada baş tutan Azərbaycanla sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında sazişin paraflanmasını alqışlayır. Bəyanatın əsaslandırmasında deyilir ki, bu, “Ermənistanın inkişafı üçün qonşu dövlətlərin sərhədlərinin oxşar şəkildə tanınmasının və dinc yanaşı yaşamanın vacibliyini dərk edərək, Ermənistanın suverenliyini, ərazi bütövlüyünü və sərhədlərinin toxunulmazlığını qorumaq üçün” edilir.
Parlament Ermənistan və Azərbaycan arasında dövlətlərin suverenliyinə, ərazi bütövlüyünə və suverenliyinə qarşılıqlı hörmət əsasında (o cümlədən Azərbaycanın qərb bölgələri ilə Naxçıvan arasında kommunikasiyalar, habelə Ermənistan və Azərbaycan arasında dövlətlərarası və dövlətdaxili kommunikasiyaların açılmasının vacibliyini vurğulayır. Hakim fraksiyadan olan deputatlar Ermənistanın Zəngəzur dəhlizi - Beynəlxalq Sülh və Rifah üçün Tramp Pathway (TRIPP) layihəsinin həyata keçirilməsi üçün ABŞ və qarşılıqlı razılaşdırılmış üçüncü ölkə iştirakçıları ilə işləməsini vacib hesab edib və ABŞ prezidenti Donald Trampa minnətdarlıqlarını bildiriblər. Parlament Ermənistan və Azərbaycanın ictimaiyyətini, eləcə də siyasi, ekspert və mədəni dairələrini münaqişəni yenidən alovlandıran diskurs və hərəkətlərdən çəkinməyə çağırır.
Ermənistanın baş naziri Nikol Paşinyan bölgədə nəqliyyat kommunikasiyalarının açılmasının yaxın gələcəkdə mütləq baş verəcəyinə inandığını deyib. “Ermənistanın dağ-mədən sənayesi” forumunda çıxışı zamanı qeyd edib ki, Ermənistan və Azərbaycan arasında əldə olunmuş sülh, həmçinin regional infrastrukturun və nəqliyyat kommunikasiyalarının gözlənilən açılışı, şübhəsiz ki, yaxın gələcəkdə baş tutacaq, sənaye üçün daha əlverişli mühitin yaradılmasına töhfə verəcək. İrəvan Bakı ilə Naxçıvanı Zəngəzur bölgəsi vasitəsilə birləşdirən iki variant təklif edir: dəmir yolu və avtomobil yolu. Birinci halda, marşrut dəmir yolu xətti ilə Meğriyə (uzunluğu 41-43 km) keçir: Bakıdan yüklər Horadiz vasitəsilə Meğriyə, oradan Ordubada, oradan Culfa stansiyasına (İranda), sərhəd keçid məntəqəsindən Naxçıvana keçəcək.
Ermənistan niyə tələsir?
Ermənistan Azərbaycanla tezliklə sülh sazişi imzalamağa sözdə hazır olduğunu bildirib, eyni zamanda Bakının haqlı şərtlərindən narazılığını da gizlətmir. Bunu xarici işlər naziri Ararat Mirzoyan ilk dəfə olaraq Bakının “süründürməçiliyindən” (kursiv bizimdir – müəllif) narazılığını açıq şəkildə bəyan edib. Bununla o, sülh prosesinin başa çatması üçün heç bir obyektiv maneənin olmadığına əmin olan Ermənistanın baş naziri Nikol Paşinyanın son bəyanatlarını təkrar edib. Bununla belə, qeyd edib ki, Bakının güzəştə getməsi gözlənilən deyil.
Ermənistan və Azərbaycan arasında sülh müqaviləsi avqustun 8-də Vaşinqtonda paraflanıb və bundan sonra tərəflər dəfələrlə münasibətlərində yeni mərhələnin başlanmasından danışıblar. Lakin o vaxtdan bəri heç bir ciddi irəliləyiş yoxdur. Ermənistan hakimiyyəti əvvəllər məsələ ilə bağlı hər hansı mühakimə şərhindən yayınsa da, oktyabrın 3-də Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan İrəvanı bu pauzadan qane etmədiyini etiraf edib. "Mətn daha əvvəl, bu ilin martında yekunlaşdırılıb; indi paraflanıb və biz bu sazişi mümkün qədər tez imzalamağa hazırıq. Azərbaycan tərəfi müəyyən ilkin şərtlər irəli sürür və biz bu gündəliyi bölüşmürük", - erməni nazir Polşanın TVP World telekanalına müsahibəsində deyib.
Ermənistan sülh müaviləsində maraqlı tərəf kimi özünü sırımağa çalışır. Bəlli məsələdir ki, 30 illik işğal dövründə Qarabağ və ətraf rayonlarda törətdikləri hərbi cinayətlərin, qətliamların, soyqırımılarının, Azərbaycanın ərazi bütövlüyünü təhdid edən separatçı qurumun yaradılmasının hesabı gec, ya tez erməni dövlətindən soruşulacaq. Düşmən ölkədə bir çoxları düşünür ki, sülh müqaviləsinin tələm-tələsik imzalanması onları bütün məsuliyyətdən xilas edəcək. Bu, məsələnin bir tərəfidir. Digər həlli vacib məsələ isə Ermənistan konstitusiyasında Azrbaycanın ərazi bütövlüyünə təhdid və ərazi iddiası ilə bağlı maddənin hələ də olmasıdır. Paşinyan bu maddəni parlamentin qəbul edəcəyi qərarla da ləğv edə bilər, amma, o, bunu bilərəkdən etmir. Çünki, 8 aydan sonra Paşinyanın hakimiyyətdə qalıb-qalmamaq məsələsi həll olumacaq – parlament seçkiləri keçiriləcək. Paşinyan əvvəlcə öz kreslosunu qoruyub-saxlamaq istəyir, qalan məsələləri isə ikinci dərəcəli hesab edir.
Azərbaycan öz tələblərini açıq şəkildə bəyan edib. Birincisi, ATƏT-in Minsk qrupunun buraxılması ilə bağlı idi. İrəvan və Bakıya müraciətdən sonra ATƏT Nazirlər Şurası sentyabrın 1-dən Minsk Qrupu ilə əlaqəli bütün qurumların bağlanması barədə qərar qəbul edib. İkinci tələb - Ermənistan Konstitusiyasına dəyişiklik edilməsi İrəvan üçün daha problemlidir. Ölkənin konstitusiyasında 1990-cı il İstiqlal Bəyannaməsinə istinad var və orada “Ermənistan SSR və Dağlıq Qarabağın birləşdirilməsi haqqında” qətnamənin adı çəkilir. Azərbaycan bu bəndi ərazi iddiası hesab edir və onun götürülməsini tələb edir. Ermənistanın baş naziri Nikol Paşinyan da sentyabrın sonunda bu tələbi şərh edib. O, Avropa Şurası Parlament Assambleyasının (AŞPA) sessiyasında çıxışı zamanı bildirib ki, sülh sazişində heç bir konstitusiya ziddiyyəti yoxdur. “Sülh sazişinin mətnində qeyd olunur ki, tərəflərdən heç biri sülh sazişinin həyata keçirilməsindən yayınmaq üçün öz daxili qanunvericiliyinə müraciət edə bilməz”, - Paşinyan mövqeyini dəstəkləmək üçün müxtəlif arqumentlər sadalayıb. Onun sözlərinə görə, Ermənistan və Azərbaycan hələ 2022-ci ildə keçmiş sovet respublikalarının 1991-ci il sərhədləri daxilində (Dağlıq Qarabağ Azərbaycanın tərkibində olduğu vaxt) ərazi bütövlüyünü təsbit edən Alma-Ata Bəyannaməsi əsasında münasibətlər qurmaq barədə razılığa gəliblər. "Bizim Konstitusiya Məhkəməmiz müəyyən edib ki, bu saziş heç bir halda konstitusiyamıza zidd deyil", - Ermənistan hökumətinin başçısı əmin edib.
AŞPA-nın məlum sessiyasında Nikol Paşinyan “Zəngəzur dəhlizi” məsələsinə də uğursuz cəhdlər edib. Məsələ burasındadır ki, Zəngəzur Azərbaycanın qərb rayonları ilə öz eksklavı olan Naxçıvan Muxtar Respublikasını birləşdirmək üçün nəzərdə tutulmuş nəqliyyat rabitə sisteminə aid ərazidir. Marşrut boyunca Rusiyanın sərhədçiləri dayansa da 2020-ci ildən sonra Ermənistan hakimiyyəti bu bölgəni üçüncü ölkəyə verməkdən çəkinirdi və bunun respublikanın suverenliyinə təhlükə yaradacağından və onu İranla sərhəddən kəsməkdən çəkinirdi. Avqustun 8-də Ağ Evdə imzalanmış üçtərəfli Vaşinqton Bəyannaməsinə əsasən, dəhlizin bir hissəsinə formal nəzarət Ermənistan tərəfində qalsa da, indi “Sülh və Rifah üçün Tramp marşrutu” adlandırılan bu yolun tikintisində Amerika şirkəti iştirak edəcək.
Azərbaycan tərəfi bu layihəni “Zəngəzur dəhlizi” adlandırmaqda davam edir. Ermənistan bundan narahat olsa da, reallıq bunun fərqli izahını təkzib edir. Bu dəhliz başlanğıcını Azərbaycanın Mərkəzi Aran bölgəsindən götürür, Şərqi Zəngəzurdan, Qərbi Zəngəzurdan, Naxçıvandan keçir və nəhayət Avropaya çatmaq üçün Türkiyə ərazisinə daxil olur. Zəngəzur dəhlisi – Beynəlxalq Sülh və Rifah üçün Tramp Pathway (TRIPP) layihəsi isə bu marşrutun kişik bir seqmentidir.
Oktyabrın 2-də Azərbaycan və Ermənistan liderləri Kopenhagendə Avropa Siyasi Birliyinin sammiti çərçivəsində görüşüblər. Amma Nikol Paşinyanın Telegram kanalında yerləşdirilmiş qısa videoda hər iki tərəfin gərgin ifadələrinə baxmayaraq, onun mətbuat xidməti görüşü çox müsbət tonda xəbər verib. "Tərəflər ABŞ prezidenti Donald Trampın təşəbbüsü ilə Vaşinqtonda keçirilən sülh sammitində əldə olunmuş razılaşmaların əhəmiyyətini vurğuladılar. Onlar Ermənistan və Azərbaycan arasında sülhün daha da möhkəmləndirilməsi istiqamətində fəaliyyətini davam etdirməyə hazır olduqlarını bir daha təsdiq etdilər", - Ermənistan baş nazirinin mətbuat katibi Nazeli Bağdasaryan bildirib.
Bakı ilə İrəvan arasında əvvəlki təmaslar Ermənistanın növbəti güzəştlərə getdiyi, Azərbaycanın isə əlavə tələblərdə israr etdiyi münaqişənin həllinin trayektoriyasını dəyişmədi. Azərbaycan indiki vəziyyətdən razı görünür. Ermənistan və Azərbaycan artıq sülh şəraitində həyata adaptasiya olublar. Əsas odur ki, Azərbaycanın şərtləri yerinə yetirilsin.
V.VƏLİYEV