"Bu cür tədbirlər Azərbaycanın gənclər və idman siyasətinin uğurla həyata keçirildiyini göstərir" - DEPUTAT ŞƏRH ETDİ

6 Oktyabr 2025 12:15 (UTC+04:00)

"Bu gün Azərbaycan təkcə regionda deyil, həm də qlobal miqyasda mühüm beynəlxalq tədbirlərin keçirildiyi bir məkana çevrilib". Bu sözləri SİA-ya açıqlamasında deputat Ceyhun Məmmədov deyib.

Onun sözlərinə görə, istər siyasi, istər iqtisadi, istər humanitar, istərsə də idman sahəsində keçirilən beynəlxalq tədbirlər ölkəmizin artan nüfuzunu və qlobal arenadakı rolunu bir daha sübut edir:

"Azərbaycanın geosiyasi mövqeyi, sabit ictimai-siyasi mühiti, inkişaf etmiş infrastrukturu və beynəlxalq əlaqələrinin genişlənməsi bu cür tədbirlərin burada keçirilməsinə münbit şərait yaradır. Artıq beynəlxalq səviyyəli tədbirlərin Azərbaycanda keçirilməsi ənənə halını alıb. Bu, bir tərəfdən ölkəmizin dünya birliyindəki mövqeyinin möhkəmlənməsinə, digər tərəfdən isə yerli infrastrukturun inkişafına, turizmin canlanmasına və ictimai diplomatiyanın güclənməsinə xidmət edir. Həmçinin belə tədbirlər vasitəsilə Azərbaycan mədəniyyəti, tarixi və qonaqpərvərliyi dünyaya daha yaxından tanıdılır.

Bu baxımdan, III MDB Oyunlarının Azərbaycanda keçirilməsi xüsusi əhəmiyyət kəsb edir. Bu oyunlar yalnız idman yarışı olmaqla kifayətlənmir, həm də MDB məkanında birliyin, əməkdaşlığın və qarşılıqlı anlaşmanın möhkəmlənməsinə töhfə verir. Azərbaycan bu yarışlara ev sahibliyi etməklə bir daha sübut etdi ki, böyük miqyaslı beynəlxalq tədbirləri uğurla təşkil və idarə edə bilən ölkədir.

III MDB Oyunları həm də idmanın inkişafına, sağlam həyat tərzinin təbliğinə, gənclərin idmana marağının artırılmasına və beynəlxalq idman əlaqələrinin güclənməsinə xidmət edir. Bu cür tədbirlər Azərbaycanın gənclər və idman siyasətinin uğurla həyata keçirildiyini göstərir.

Nəticə etibarilə, belə mötəbər yarışların ölkəmizdə keçirilməsi Azərbaycanın beynəlxalq nüfuzunun artmasına, mədəni və idman sahələrində əməkdaşlığın genişlənməsinə və ümumilikdə ölkəmizin dünyada tanıdılmasına xidmət edir".