"Ölkəmizin Türkiyə ilə münasibətləri möhkəmləndirməsi və hər keçən gün daha da genişləndirilməsi xarici siyasətimizin çox mühüm tərkib hissəsidir. Hər iki ölkənin dövlət və hökumət başçılarının, eləcə də siyasi, iqtisadi, ticarət, elm, təhsil, mədəniyyət və digər sahələr üzrə aidiyyəti qurumların rəhbərlərinin qarşılıqlı səfərləri ikitərəfli əməkdaşlığın inkişafında əhəmiyyətli rol oynayıb və bütün sahələrdə əlaqələr uğurla inkişaf edərək ölkələrimiz arasında strateji tərəfdaşlıq münasibətlərinin yüksək səviyyəyə qalxmasına səbəb olub". Bu sözləri SİA-ya açıqlamasında politoloq Rəşad Bayramov deyib.
Onun sözlərinə görə, bu da təbiidir. Çünki, tarixi və mədəni bağlılıq Azərbaycan və Türkiyənin təkcə qardaş ölkələr kimi deyil, həm də strateji tərəfdaşlar kimi bir-birinə dayaq olmasına zəmin yaradır: "Keçən dövr sübut edib ki, Azərbaycan və Türkiyə arasındakı “Bir millət, iki dövlət” prinsipi sadəcə şüar deyil, tarixi köklərə, ortaq mədəniyyətə və maraqlara əsaslanan real bir münasibətdir. Bu qardaşlıq bağları əsrlərlə formalaşıb və zamanın sınaqlarından uğurla çıxıb.
Həm Azərbaycan, həm də Türkiyə artıq təkcə regionda deyil, eləcə də dünyada mühüm geosiyasi aktorlar olaraq qəbul edilir. Xüsusilə enerji layihələrində, hərbi əməkdaşlıqda və siyasi dəstəkdə hər zaman bir-birlərinin yanında olan Azərbaycan və Türkiyə bununla öz mövqelərini daha da möhkəmləndirməyi bacarıblar. Bu gün tam məsuliyyəti ilə demək olar ki, iki dövlətin uzlaşa bilmədiyi, razılıq əldə etmədiyi hər hansı bir məsələ yoxdur. Azərbaycan və Türkiyənin maraqlarının uyğun olması, ən önəmlisi isə hər iki dövlətin vətəndaşlarının böyük hissəsinin eyni etnik qrupa sahib olması, din birliyi, oxşar mədəniyyət, adət və ənənələr iki qardaş ölkənin bir mövqedən çıxış etməsini, bir-birilə sıx əlaqələr qurmasını təmin edib.
Azərbaycan Türkiyə üçün Qafqazda olduğu kimi, həm də Orta Asiya və Xəzər bölgəsində digər dövlətlərlə, xüsusən türkdilli dövlətlərlə əlaqə üçün mühüm vasitə rolunu oynayır. Azərbaycan-Türkiyə münasibətlərinin inkişafında hər iki tərəf maraqlıdır. Türkiyə Azərbaycan üçün beynəlxalq aləmdə müttəfiq və dayaqdırsa, Azərbaycanın da güclü dövlət olması Türkiyənin dünya siyasətində gücünün və rolunun artırması deməkdir. Ona görə də bu iki dövlətin münasibətlərinin beynəlxalq hüquq normalarından irəli gələn prinsiplər əsasında inkişafı zəruridir.
Son dövrlərdə iki ölkə arasında xüsusilə enerji təhlükəsizliyi və nəqliyyat dəhlizləri sahəsində artan əməkdaşlıq regionun geosiyasi mənzərəsinə birbaşa təsir etməklə yanaşı, həm də böyük bir coğrafiyada sabitliyin təmin olunması üçün mühüm imkanlar açlr. Türkiyə və Azərbaycan arasında möhkəm əlaqələrin inkişafı, həmçinin regionda digər güclərin hərəkətinə təsir göstərir. Rusiya, İran və digər qonşu dövlətlər, bu güclü tərəfdaşlığın qarşısında daha diqqətli davranmaq məcburiyyətində qalır. İki ölkənin istənilən məsələdə bir-birinin yanında olması, regiondakı güc balansını dəyişir və ölkələrin öz maraqlarını müdafiə etmələrini asanlaşdırır. Bundan əlavə, Azərbaycan və Türkiyənin iqtisadi və hərbi sahələrdəki əməkdaşlığı bu iki ölkənin yalnız öz güclərini artırmasına deyil, həm də ümumi olaraq Qafqaz və Orta Asiya bölgəsindəki sabitliyə və təhlükəsizliyə töhfə verir".