Naxçıvanda Beynəlxalq Müəllimlər Günü qeyd olunub

5 Oktyabr 2025 12:14 (UTC+04:00)

Naxçıvanda 5 Oktyabr - Beynəlxalq Müəllimlər Günü ilə bağlı tədbir keçirilib. SİA-nın bölgə müxbiri xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə Ümummilli Lider Heydər Əliyevin Naxçıvan şəhərinin baş meydanında əzəmətlə ucalan abidəsini ziyarət edib, abidə önünə gül dəstələri düzüblər.

Naxçıvan Hərbi Kollecinin konfrans zalında davam edən tədbirdə Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət Himni səsləndirilib.

Tədbirdə Naxçıvan Muxtar Respublikasının təhsil naziri Elxan Nəcəfov, Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyinin əməkdaşı Tükəzban Quliyeva, Naxçıvan Muxtar Respublikası Nazirlər Kabineti Aparatının Humanitar məsələlər şöbəsinin müdiri Tarverdi Məmmədov, Naxçıvan Qızlar Liseyinin direktoru İlahə Fərəcova bu şərəfli yolda səylə çalışan pedaqoqları təbrik edib, onlara peşə fəaliyyətlərində uğurlar arzulayıblar.

Qeyd olunub ki, əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan təhsil strategiyası Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilir. Son illərdə Naxçıvanda təhsil sahəsində uğurlu nəticələr əldə olunub.

Diqqətə çatdırılıb ki, müəllimlərin yorulmaz səyləri sayəsində 2024-2025-ci tədris ili şagird nailiyyətləri baxımından Naxçıvan təhsili üçün ən uğurlu illərdən olub. Belə ki, buraxılış və qəbul imtahanlarında şagirdlər tərəfindən son 30 ilin ən yüksək nəticələri əldə edilib.

Tədbirdə təhsil sahəsində səmərəli fəaliyyətinə görə bir sıra müəllimə Azərbaycan Elm və Təhsil Nazirliyinin və Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin fəxri fərmanları, təhsil sahəsində səmərəli fəaliyyətinə və gənc nəslin təlim-tərbiyəsi sahəsində yüksək nailiyyətlər əldə etdiyinə görə məktəblərin kollektivlərinə “Təşəkkürnamə”, “Azərbaycan Respublikası qabaqcıl təhsil işçisi” döş nişanı ilə təltif olunan müəllimlərə nişan və vəsiqələr təqdim olunub.

Tədbir bədii hissə ilə davam edib.