Füzulidə şəhidlərin xatirəsi anılıb...

5 Oktyabr 2025 00:00 (UTC+04:00)

Füzulidə şəhid Elnur Cəfərov və mülki şəhid Emil Quliyevin anım günündə məzarları ziyarət olunub, xatirələri anılıb.

SİA yerli mənbələrə istinadən xəbər verir ki, şəhidlərin anım mərasimində ailə üzvləri ilə bərabər rayon icra hakimiyyətinin əməkdaşları, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Füzuli rayon şöbəsinin nümayəndələri, təhsil və mədəniyyət işçiləri, şəhid ailələri, qazilər, kənd sakinləri və ziyalıları iştirak ediblər.

x x x

Cəfərov Elnur Cəmiyyət oğlu 1998-ci il avqustun 28-də dünyaya göz açıb. Elnur hələ kiçik yaşlarından vətənpərvərliyi ilə seçilib. Gələcəyin hərbçisi olmağı qarşısına məqsəd qoyan Elnur torpaqlarımızın azad olacağı ümidini bir an belə itirməyib. O, həqiqi hərbi xidmətini bitirdikdən sonra müddətdən artıq hərbçi kimi Vətən keşiyində dayanmağı özü üçün ən şərəfli yol olaraq seçib. Müharibə başlayan ilk gündən döyüşə atılan Elnur əsl qəhrəmanlıq nümayiş etdirib. Ermənilər tərəfindən qurulan sədlərin yarılmasında, ilk azad olan kəndlərimiz uğrunda gedən döyüşlərdə şücaəti ilə seçilib. Elnur oktyabrın 3-də Füzuli istiqamətində gedən döyüşlərdə şəhid olub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamına əsasən Elnur Cəfərov ölümündən sonra “İgidliyə görə”, “Vətən uğrunda” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilib.

x x x

44 günlük Vətən Müharibəsinin mülki şəhidi Quliyev Emil Elşad oğlunun da məzarı ziyarət olunub. Quliyev Emil 2000-ci il fevralın 14-də Füzuli rayonunun Bala Bəhmənli kəndində anadan olub. Emil Horadiz şəhərində yerləşən "Azpetrol" yanacaqdoldurma məntəqəsinin mühafizəçisi olub. 04 oktyabr 2020-ci ildə Ermənistan silahlı qüvvələrinin Horadiz şəhərini artilleriya atəşinə tutması nəticəsində şəhid olub.