Bundesliqa: “Bavariya” qələbə qazanıb, “Borussiya Dortmund” xal itirib

4 Oktyabr 2025 22:57 (UTC+04:00)

“Bavariya” Bundesliqanın altıncı turunda səfərdə - Frankfurtda “Ayntraxt” ilə qarşılaşıb.

SİA xəbər verir ki, görüşdə münxenlilər 3:0 hesabı ilə qələbə qazanıblar. Görüşdə hesabı matçın 1-ci dəqiqəsində Luis Diaz açıb. Oyunun 27-ci dəqiqəsində Harri Keyn hesab arasındakı fərqi iki topa çatdırıb. Qarşılaşmanın 84-cü dəqiqəsində isə L.Dias özünün ikinci, komandasının üçüncü qolunu vurub – 3:0.

“Bavariya”nın ən yaxın izləyicisi “Borussiya Dortmund” bu turda xal itirib. Komanda doğma divarlar arasında “Leyptsiq” ilə heç-heçə edib – 1:1. “Bayer Leverkuzen” öz meydanında paytaxt təmsilçisi “Union Berlin”in qapısından iki cavabsız top keçirib. “Verder Bremen” öz meydanında “St Pauli”ni (1:0), “Auqsburq” isə “Volfsburq”u (3:1) məğlub edib.

Tura bazar günü keçiriləcək “Ştutqart” – “Haydenhaym”, “Hamburq” – “Maynts” və “Mönxenqladbax” – “Frayburq” görüşləri ilə yekun vurulacaq.

Xatırladaq ki, turun açılış matçında “Hoffenhaym” öz meydanında “Köln” komandasına minimal hesabla uduzub – 0:1.

Altı turdan sonra Bundesliqaya 18 xalla “Bavariya” liderlik edir. “Borussiya Dormund” 14 xalla ikinci, “Leyptsiq” 13 xalla üçüncü sırada qərarlaşıb.