“Bizim Mağcan” almanaxının təqdimatı keçirilib

4 Oktyabr 2025 20:12 (UTC+04:00)

Azərbaycan Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə keçirilən XI Bakı Beynəlxalq Kitab Sərgisi çərçivəsində görkəmli qazax şairi, “Alaş” hərəkatının tanınmış nümayəndəsi Mağcan Cumabayevə həsr olunmuş “Bizim Mağcan” almanaxının təqdimatı olub.

SİA yerli mənbələrə istinadən xəbər verir ki, tədbir Türk Mədəniyyəti və İrsi Fondunun təşkilatçılığı ilə baş tutub. Almanax “Türk ədəbiyyatının inciləri” kitabları seriyası çərçivəsində nəşr olunub.

Tədbiri Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova açıb. O qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü və Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkiyə liderlərinin dəstəyi ilə yaradılan təşkilat Türk dünyasının mədəni irsinin beynəlxalq miqyasda tanıdılmasında mühüm rol oynayır.

A.Raimkulova vurğulayıb ki, Fond türk xalqlarının klassik ədəbiyyatının təbliğinə böyük önəm verir, Nizami Gəncəvi, Məhəmməd Füzuli, İmadəddin Nəsimi, Abay Kunanbayev, Alıqul Osmonov, Əbdürrauf Fitrət, Aşıq Veysəl, Ömər Seyfəddin, Məhtimquli Fəraqi və bir çox başqa görkəmli mütəfəkkir və şairin əsərləri müxtəlif dillərdə, o cümlədən ingilis, fransız, polyak, alman, Azərbaycan, qazax, qırğız və özbəkcə nəşr edilib.

Fondun prezidenti qeyd edib: “Biz böyük qazax şairi Mağcan Cumabayevin əsərlərini 7 dildə – qazax, Azərbaycan, qırğız, türk, özbək, ingilis və rus dillərində “Bizim Mağcan” adı ilə nəşr etmişik. Yaxın vaxtlarda bu il 180 illik yubileyi qeyd olunan Abay Kunanbayevin əsərlərinin də yeddi dildə çapdan çıxması nəzərdə tutulur”.

O, Mağcan Cumabayevin təkcə Qazaxıstanın deyil, bütün Türk dünyasının sevilən şairi olduğunu vurğulayıb.

“Bizim Mağcan” nəşrində şairin həyat və yaradıcılığına dair materiallar, onun adını daşıyan mədəniyyət ocaqları, abidələr yer alır.

“Haqlı olaraq, bu kitabı Mağcan ensiklopediyası adlandırmaq olar”, - deyən A. Raimkulova çıxışının sonunda bildirib ki, ədəbiyyat insanları bir araya gətirən etibarlı körpüdür.

Tədbirdə çıxış edən Milli Məclisin deputatı Nizami Cəfərov, filologiya üzrə fəlsəfə doktoru, professor Nizami Tağısoy, şair-tərcüməçi Əkbər Qoşalı qazax yazıçısı Mağcan Cumabayevin özünəməxsus həyat və yaradıcılıq yolu olan ziyalı, idealları uğrunda mübarizə aparmağı bilən, xalqına sədaqətlə xidmət göstərən, ömrünü xalqının təhsilinə həsr edən bir insan olduğunu qeyd ediblər.

İştirakçılar öz çıxışlarında Mağcan Cumabayev yaradıcılığının təkcə qazax ədəbiyyatı tarixində deyil, bütün Türk dünyasının mənəvi irsində xüsusi yer tutduğunu vurğulayıblar. Onun öz yurduna, xalqına məhəbbətlə qələmə aldığı əsərlər şairi uca humanist missiyanın rəmzinə, milli kimliyin müdafiəçisinə çevirib.