Tbilisidə etirazçılar prezident sarayına doğru irəliləyirlər...

4 Oktyabr 2025 19:25 (UTC+04:00)

Xəbər verildiyi kimi, Gürcüstanda siyasi böhran və kütləvi etirazlar fonunda oktyabrın 4-də bələdiyyə seçkiləri keçirilir.

SİA-nın məlumatına görə, səsvermə ilə eyni vaxtda müxalifət Tbilisidə böyük mitinq təşkil edib və təşkilatçıların fikrincə, bu aksiya hakim “Gürcü Arzusu” partiyasının “dinc yolla devrilməsinə” səbəb olmaq məqsədi daşıyır.

Tiflis aksiyasının təşkilatçısı, opera müğənnisi və müxalif siyasətçi Paata Burçuladzenin “Exo Kavkaza”ya istinadən verdiyi məlumata görə, mitinqdə etirazçılar tərəfindən səsvermə ilə bağlı bəyannamə oxunub.

Üç nöqtədən ibarətdir:

- Hakimiyyət gürcü xalqına məxsusdur.

- Hakimiyyət adlanan qurumlar konstitusion legitimliyini itirib və buna görə də səlahiyyətlərinə xitam verilib.

- Milli Məclis hakimiyyətin dinc yolla xalqa qaytarılmasını, demokratik təsisatların azad edilməsini, Avropa İttifaqına daxil olmaq üzrə dialoqun dərhal bərpasını, ölkədə təhlükəsizliyin və əmin-amanlığın qorunmasını təmin edəcək dinc keçid dövrü elan edir.

Daha sonra media müxalifət etirazçılarının Orbeliani prezident sarayına doğru getdiyini bildirdi.

Əli Babayev