Tehran tükənmək ərəfəsindədir...

5 Oktyabr 2025 00:04 (UTC+04:00)

...İran prezidenti Məsud Pezeşkian bəyan edib ki, kritik su böhranı və torpaqların çökməsi səbəbindən ölkə paytaxtı Tehrandan cənub bölgələrinə köçürmək barədə düşünməyə məcburdur.

SİA xəbər verir ki, bu barədə “The Guardian” məlumat yayıb.

Fars körfəzi sahilində yerləşən Hormozqan vilayətində çıxışı zamanı Məsud Pezeşkian izah edib ki, şəhərlərin həddindən artıq genişlənməsi, su çatışmazlığı və torpaqların sürətlə çökməsi ölkənin su ehtiyatlarının təxminən 25 faizini istehlak edən 10 milyonluq metropol üçün təhlükəli vəziyyət yaradır. ...Ölkənin hazırda üzləşdiyi problemlər bizdən inkişafımızı Fars körfəzinə yönəltməyi tələb edir. Tehran, Kərəc və Qəzvin su böhranı ilə üz-üzədir və onu asanlıqla həll etmək mümkün deyil.

Bunu Pezeşkian qeyd edib.

Prezident bildirib ki, paytaxtın köçürülməsi məsələsini ötən il İranın ali dini lideri Ayətullah Əli Xamenei qarşısında qaldırıb. O vaxtkı tənqidlərə baxmayaraq, o, indi əmindir ki, resurs vəziyyəti o qədər ağırlaşıb ki, paytaxtın köçürülməsi qaçılmazdır.

Tehran: “quruyan” şəhər...

Tehranın su təchizatı ənənəvi olaraq bəndlərdən (ehtiyatların 70 faizi) və yeraltı sulardan (30 faiz) əsas götürülür. Bununla belə, şəhər son dərəcə sürətlə böyüyüb və hazırda 10 milyondan çox əhalisi olan meqapolisə çevrilib.

İndi yağışların azalması, buxarlanmanın artması və sulu təbəqələrin tükənməsi çatışmazlıqlara və torpaqların təhlükəli çökməsinə səbəb olub.

Pezeşkianın sözlərinə görə, bəzi ərazilərdə torpaq ildə 30 sm-ə qədər çökür ki, bu da onun fəlakət adlandırıb. Torpaq batır, çünki ayağımızın altındakı su yoxa çıxır. Bu, gözardı edə bilməyəcəyimiz bir dağıntıdır.

Bunu da Pezeşkian deyib.

Kritik su vəziyyəti...

Rəsmi məlumatlara görə, 2024-cü ildə İranda yağıntı norması 260 mm-dən 50-60 faiz azalaraq cəmi 140 mm olub. 2025-ci ildə 100 mm civarında yağıntı ilə daha da pis vəziyyət gözlənilir.

Su anbarındakı suyun səviyyəsinin azalması, quyuların quruması və digər bölgələrdən suyun nəqlinin yüksək xərcləri Tehranın mərkəzləşdirilmiş təchizatını getdikcə çətinləşdirir. ..Əgər bu bölgədən Tehrana su nəql etsək, bir kubmetrin qiyməti 4 avroya çata bilər, - prezident qeyd edib.

Fars körfəzi yaxınlığında İranın yeni paytaxtı...

Məsud Pezeşkian cənub bölgələrinin, xüsusilə Hörmüzqanın strateji üstünlüklərini qeyd edib. Onların dəniz kənarında yerləşməsi açıq suya çıxışı təmin edir, ticarət və iqtisadi əlaqələri inkişaf etdirir.

…Bu imkanlara yeni nəzər salsaq, çox firavan region yarada bilərik. Sadəcə olaraq, mövcud vəziyyəti qəbul etmək kifayət deyil - bizə elmi, dəqiq və uzunmüddətli strategiya lazımdır, - o vurğulayıb.

Yeri gəlmişkən, İran paytaxtının köçürülməsi məsələsi bundan əvvəl də qaldırılıb.

Belə ki, keçmiş prezident Həsən Ruhani hətta bir neçə fəaliyyət planı hazırlayıb, lakin onlar heç vaxt həyata keçirilməyib.

Xatırladaq ki, Almaniya Xarici İşlər Nazirliyi BMT-nin İrana qarşı sanksiyaları bərpa edəcəyini açıqlamışdı. Buna səbəb Avropa ölkələri ilə Tehran arasında nüvə sazişi üzrə danışıqların uğursuzluğu olub.

Bu, İsrail və ABŞ-ın İranın əsas nüvə obyektləri də daxil olmaqla infrastrukturu hədəf alaraq İrana hava zərbələri endirməsindən bir neçə ay sonra baş verib.

Əli Babayev