MDU-da Beynəlxalq Müəllimlər Gününə həsr olunmuş tədbir keçirilib

3 Oktyabr 2025 21:38 (UTC+04:00)

Mingəçevir Dövlət Universitetində (MDU) 5 Oktyabr - Beynəlxalq Müəllimlər Gününə həsr edilmiş tədbir təşkil olunub.

SİA-nın AZƏRTAC-dan əldə etdiyi məlumata görə, MDU-dan ildirilib.

Bildirilib ki, tədbir Ümummilli Lider Heydər Əliyevin və ölkəmizin suverenliyi, torpaqlarımızın azadlığı uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi, Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.

Tədbirdə MDU-nun rektoru Anar Eminov universitetin müəllimlərini Beynəlxalq Müəllimlər Günü münasibətilə təbrik edib, onlara şərəfli peşə fəaliyyətlərində uğurlar arzulayıb. Gənc nəslin formalaşmasında müəllimlərin misilsiz rolundan söz açan rektor müəllimliyin insanın ömürlük missiyası olduğunu bildirib. Müəllimin yalnız bilik ötürən deyil, həm də həyat dərsi verən şəxs olduğunu diqqətə çatdıran A.Eminov onların əziyyətlərinin ən böyük bəhrəsinin yetişdirdikləri savadlı, vicdanlı və vətənpərvər gənclər olduğunu qeyd edib.

Sonra universitetin ən qocaman müəllimi, MDU-nun Xarici dillər kafedrasının dosenti Mayıl İsmayılov çıxış edib. O, müəllimlik peşəsini öz həyatının mənası kimi dəyərləndirdiyini bildirib, ömrünü gənc nəslin savadlı, vətənpərvər və vicdanlı yetişməsinə həsr etməkdən qürur duyduğunu vurğulayıb.

Daha sonra uzun illər MDU-da fəaliyyət göstərmiş və hazırda təqaüddə olan iki müəllim – Kərim Əliyev və Afayət Tanrıverdiyeva universitetin rektoru A.Eminov tərəfindən fəxri fərmanla təltif ediliblər. Onların pedaqoji fəaliyyətinə və universitetin inkişafına verdikləri töhfələrə görə xüsusi minnətdarlıq bildirilib.

Tədbir bədii hissə ilə davam edib.