XI Bakı Beynəlxalq Kitab Sərgisi çərçivəsində Azərbaycan Mətbuat Şurasının layihəsi əsasında hazırlanmış “Mətbuatnamə - 150 ilin xronikası” kitabının təqdimat mərasimi keçirilib.
SİA yerli mənbələrə istinadən xəbər verir ki, tədbirdə Mətbuat Şurasının sədri Rəşad Məcid kitab haqqında ümumi məlumat verib. O qeyd edib ki, kitabda “Əkinçi”dən başlayaraq bu günümüzədək nəşr olunan qəzet və jurnallar haqqında yığcam məlumatlar toplanıb.
“Elmin və texnologiyanın sürətlə inkişaf etdiyi dövrdə klassik jurnalistika irsi və dəyərlərinə alternativlər yaranır, internet mediası, sosial media şəbəkələri sürətlə ön plana çıxır. Sadaladığımız bu yeniliklər yeni ideyalar, yaradıcı imkanlar formalaşdırdığı kimi, həm də müxtəlif problemlər və çətinliklər ortaya çıxarır. Lakin mətbuat tariximizin ilkin mərhələsi olaraq, Azərbaycan media tarixində saralmış kağız səhifələrində yaşamaqda olan, anadilli mətbuat abidələrimiz hesab edilən qəzet və jurnallar öz əhəmiyyətini qoruyub saxlayır. Onilliklər ötsə də, bu gün 150 illik yubileyini qeyd etdiyimiz Azərbaycan milli mətbuatının zəngin xəzinəsindən gələcək jurnalistlərin də öz halal payını götürəcəklərinə heç bir şübhə yoxdur. Azərbaycan Mətbuat Şurasının layihəsi əsasında hazırlanmış bu biblioqrafik məlumat kitabı milli mətbuatımızın 150 illik şərəfli tarixini bütövlükdə əks etdirir. Burada qəzet və jurnalların ilk nömrələrinin üz qabığının fotosu, tirajı, baş redaktor və yaradıcı heyəti haqqında bilgilər verilib. 150 illik mətbuat tariximizin mənzərəsini əks etdirən bu kitab anadilli mətbuatımızın bütöv salnaməsini təqdim edir. Əminik ki, kitabın səhifələrində qeyd olunan faktlar gələcək nəsil jurnalistlərin fəaliyyətinə də müsbət təsir göstərəcək, keçmişlə bu gün arasında bir körpü rolunu oynayacaq”,- deyə R.Məcid əlavə edib.
Mətnlərin müəllifi Əməkdar jurnalist Akif Aşırlı vurğulayıb ki, kitabda 200-dək qəzet, jurnal və xüsusi buraxılış haqqında biblioqrafik məlumat toplanıb.
Biblioqrafik göstəricilərdə ənənəvi olaraq Azərbaycan əlifbasına uyğun sıralama aparılmadığını diqqətə çatdıran müəllif deyib: “Nəşrlər əlifba sırasına deyil, 1875-ci ildən günümüzədək çıxış tarixlərinə görə sistemləşdirilib. Kitabda yalnız Azərbaycan Respublikasının sərhədləri daxilində deyil, həm də Təbrizdə, İrəvanda, Türkiyədə və bəzi Avropa ölkələrində nəşr olunmuş azərbaycandilli mətbu orqanlar da tarixi ardıcıllıqla öz yerini alıb. Kitabın bütün mətbuat nümunələrini əhatə etməsi iddiası yoxdur. Gələcəkdə əldə edilən yeni qəzet və jurnallar, habelə toplanması mümkün olmayan nəşrlər Mətbuat Şurasının rəsmi saytında yerləşdiriləcək PDF versiyaya əlavə ediləcək. Eyni zamanda, növbəti yubiley illərində daha təkmil variantın çap olunması nəzərdə tutulur”.
Əməkdar jurnalist, professor Qulu Məhərrəmli isə mətbuatın xalqın həyatında əvəzsiz rolundan söhbət açıb. “Bir millətin siyasi özünümüdafiəsi üçün mütləq mətbuatı olmalıdır. Milləti yüksəklərə qaldıran onun düşüncə gücündə olan ziyalılardır. Ədəbiyyat insanın düşüncəsini formalaşdırırsa, mətbuat bütöv millət yaradır. Həsən bəy Zərdabinin milli mətbuatımızdakı rolu misilsizdir. O, qəzetin yaradılması üçün böyük zəhmətlər çəkib. “Mətbuatnamə” kitabı isə yaddaş kitabçasıdır. Burada qəzetlər haqqında ən yığcam və dəyərli məlumatlar toplanıb”, - deyə Q.Məhərrəmli əlavə edib.
Tədbir sual-cavab formasında davam edib.