YAP Nərimanov rayon təşkilatında “5 oktyabr – Müəllimlər Günü” tədbiri keçirilib - YENİLƏNİB/FOTOLAR

3 Oktyabr 2025 17:03 (UTC+04:00)

YAP Nərimananov rayon təşkilatı və Nərimanov rayon İcra Hakimiyyəti tərəfindən "Beynəlxalq Müəllimlər Günü" münasibətilə tədbir təşkil olunub. SİA xəbər verir ki, tədbirdə Nərimanov rayon İcra Hakimiyyətinin başçısı Elgin Həbibullayev, YAP Nərimanov rayon təşkilatının sədri Elçin Quliyev, Millət vəkilləri Hikmət Babaoğlu, Samir Vəliyev, Ceyhun Məmmədov, Elm və Təhsil Nazirliyinin şöbə müdiri Rauf Orucov, YAP Mərkəzi Aparatının şöbə müdiri Rəfael Gülməmmədov, ziyalılar, müəllimlər və rayon ictimaiyyəti iştirak edib.

Tədbiri giriş sözü ilə açan, YAP Nərimanov rayon təşkilatının sədri Elçin Quliyev müəllimlik peşəsinin cəmiyyətdəki rolunu yüksək qiymətləndirərək bildirib: "Müəllimlik sadəcə peşə deyil, gələcəyi formalaşdıran müqəddəs bir missiyadır. Müəllimlərimiz gənclərimizi bilikli, vətənpərvər və milli dəyərlərə sadiq ruhda yetişdirərək dövlətimizin gələcəyinə ən böyük töhfəni verirlər."

Tədbirdə çıxış edən Nərimanov rayon İcra Hakimiyyətinin başçısı Elgin Həbibullayev Ümummilli Lider Heydər Əliyevin müəllimlik sənətinə verdiyi dəyərdən danışıb. Eyni zamanda, Prezident İlham Əliyevin müəllim əməyinə göstərdiyi qayğı və müəllim nüfuzunun artırılması istiqamətində həyata keçirilən dövlət siyasəti xüsusi qeyd olunub.

Tədbirdə Milli Məclisin deputatı, YAP İdarə Heyətinin üzvü Hikmət Babaoğlu, millət vəkili Samir Vəliyev, Məktəb Lisey Kompleksinin direktor müavini Gülər Rəsulova və digərləri çıxış edərək müəllimlərin əvəzsiz fəaliyyəti, onların gənc nəslin formalaşmasındakı rolu və təhsil sahəsinə dövlət tərəfindən göstərilən diqqəti xüsusi vurğuladılar.

Tədbir çərçivəsində təhsilin inkişafına töhfə verən bir sıra müəllimlər fəxri fərmanlarla təltif edilib.

Sonda bədii proqram təqdim olunub, musiqi nömrələri tədbirə rəng qatıb.