“Müəllimlərin rolu gənc nəslin formalaşmasında əvəzsizdir” - Ceyhun Məmmədov

3 Oktyabr 2025 16:44 (UTC+04:00)

“Bu gün müəllimlərin fəaliyyətinin əhəmiyyətini və onların gənc nəsillərin tərbiyəsindəki rolunu vurğulamaq istərdim. SİA xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Ceyhun Məmmədov Nərimanov rayonunda “5 oktyabr – Beynəlxalq Müəllimlər Günü” ilə əlaqədar keçirilən tədbirdə səsləndirib.

Deputat qeyd edib ki, müəllimlik yalnız peşə deyil, eyni zamanda müqəddəs bir missiyadır: “Müəllimlər həm bilik verirlər, həm də gəncləri tərbiyə edirlər. Onların əməyi gənc nəsillərin milli və mənəvi dəyərlərə sadiq, vətənpərvər və bilikli yetişməsində həlledici rol oynayır. Dövlət və cəmiyyət olaraq müəllimlərin bu fədakar fəaliyyətinə maksimum dəstək verməliyik və onların zəhmətinə layiqincə qiymət verməliyik”.

Ceyhun Məmmədov həmçinin vurğulayıb ki, Nərimanov rayon İcra Hakimiyyəti və YAP Nərimanov rayon təşkilatı tərəfindən keçirilən bu tədbir müəllimlərin fəaliyyətinə verilən diqqət və dəyərin təzahürüdür və gələcək nəsillərin uğurlu formalaşmasına xidmət edir.