Son günlərdə Azərbaycanın şimal bölgələrində dabaq xəstəliyi səbəbindən heyvan əti ilə bağlı ciddi narahatlıq yaranıb. Fermerlər və istehlakçılar arasında sual yaranır: xəstə heyvanın əti təhlükəlidirmi və necə ayırd etmək olar?
Dabaq xəstəliyi olan mal-qaranın ətini bizə sata bilərlərmi? Dabaq xəstəliyinə yoluxmuş heyvanın ətini necə seçmək olar?
Məsələ ilə bağlı qida mütəxəssisi Asim Vəliyev SİA-ya açıqlamasında bildirib ki, hazırda iri və xırda buynuzlu heyvanlarda dabaq xəstəliyinin yayılması ilə bağlı narahatlıqlar mövcuddur.
Onun sözlərinə görə, dabaq xəstəliyi mal-qara, qoyun, keçi, donuz və digər dırnaqlı heyvanlarda rast gəlinən çox yoluxucu və təhlükəli bir xəstəlikdir: "Xəstəliyin əsas əlamətləri yüksək hərarət, ağız və dırnaq nahiyəsində yaralar, heyvanlarda tüpürcək axması kimi əlamətlərdir. Ən təhlükəli məqam isə yoluxmuş heyvandan əldə olunan məhsullardır. Ət və süd insan sağlamlığı üçün risk yarada bilər. Çiy və ya yarıbişmiş ət yeyərkən, pasterizə olunmamış süd və süd məhsullarını qəbul edərkən, xəstə heyvanla birbaşa təmasda olarkən dabaq xəstəliyinin keçmə etimalı çoxdur. Bundan qorunmaq üçün əti yalnız baytarlıq nəzarətindən keçmiş mənbələrdən almalıyıq. Küçə kənarında satılan ətlər təhlükəlidir. Həmçinin ət bişirilərkən içərisi tam bişməlidir. Yarıbişmiş və ya çiy ət yeyilməməlidir. Yüksək temperatur dabaq virusunu məhv edir. Süd və süd məhsullarını yalnız pasterizə olunmuş və ya yaxşı qaynadılmış formada qəbul edilsə riski minimuma endirə bilərik. Çiy süd və ondan hazırlanan məhsullar ciddi risk yaradır. Daha sonra xəstə heyvanla təmasdan uzaq durmalıyıq. Zəruri hallarda əlcək və maskadan istifadə etsək yaxşı olar. Ətin doğrandığı bıçaq və taxtaları da ayrı saxlamaq, başqa qidalar üçün istifadə etməmək vacibdir”.