“Din bir çoxlarının təqvimində yalnız bayramlarda xatırlanır“ - DİN XADİMİ DANIŞDI

3 Oktyabr 2025 14:08 (UTC+04:00)

“Zamanın axarı ilə çox şey dəyişdi: geyimimiz, danışığımız, həyat tərzimiz. Amma dəyişməməli olan bir şey var ki, o da insanın Allahla olan mənəvi bağıdır. Təəssüf ki, bu gün cəmiyyətdə dini inanc tədricən arxa planda qalır. Çünki bu məsələ bir yox, bir neçə səbəbdən ibarətdir”. Bu sözləri SİA-ya açıqlamasında din xadimi Mircəfər Əyyubov deyib.

O bildirib ki, bəlkə də insanların az hissəsi dini tam şəkildə yaşayır: “Amma əsas səbəb bu deyil. Axı, hər kəs bilir ki, yalan danışmaq düzgün deyil, oğurluq haramdır, qeybət günahdır. Deməli, bilik var, amma tətbiq yoxdur. Problem inanmaqda yox, yaşamaqdadır.

Bu gün əyləncə, karyera, rahat həyat ön plana keçib. Din isə bir çoxlarının təqvimində yalnız bayramlarda xatırlanır. İnsan ruhunu qidalandırmaq əvəzinə, onu susuz buraxırıq. Halbuki, vicdan, ədalət, mərhəmət, bütün bunlar dini inancların sönməz çıraqlarıdır. Və bu çıraq sönəndə, cəmiyyət də tədricən zülmətə bürünür.

Bəziləri dini savadlı kadrların azlığından danışır. Amma insan öz içindəki doğru və yanlışı tanıyır. Sadəcə, bu gün insanlar dinin tərbiyəvi gücünü dərk etmir, onu həyatla bağlaya bilmir. Halbuki din, sadəcə kitabdan öyrəniləsi elm deyil, yaşanılası dəyərdir.

İlahiyyat mərkəzlərinin, dini qurumların üzərinə də böyük yük düşür. Əgər din insana yalnız məlumat verirsə, amma onu tərbiyə etmirsə, o zaman bu elm riyaziyyatdan, tarixdən nə ilə fərqlənir? Din insanın mənəviyyatını formalaşdırmalı, onu kamilliyə doğru aparmalıdır.

Əgər insan hər bir addımında Allahı xatırlasa, inancı da sarsılmaz olar. Bu inanc təkcə namazda, orucda deyil, əxlaqda, davranışda, mərhəmətdə görünər. Dini inanc yalnız bir şəxsi məsələ deyil. O, cəmiyyətin mənəvi dayaq nöqtəsidir”.