“Hər uşağın inkişaf mərhələsi fərqlidir“ - PSİXOLOQ DANIŞDI

3 Oktyabr 2025 14:00 (UTC+04:00)

“Nitq ləngiməsi, uşqların gec danışması son dövrlərin aktual və ən çox müraciət olunan problemlərindən biridir. Uşağın gec danışmasına, nitq problemləri olmasına bir çox faktorlar, məsələn: psixoloji, pedoqoji baxımsızlıq, nevroloji, ekran aslılığı, sosial amillər və s. səbəb ola bilər”. Bu sözləri SİA-ya açıqlamasında Bakı Dövlət Universitetinin müəllimi, Psixologiya Elmi-Tədqiqat İnstitutunun elmi işçisi, Uzman- Klinik (tibbi) psixoloq Narınc Rüstəmova deyib.

Psixoloq bildirib ki, körpənin dil açanda sözləri daha tez anlaması, deməsi üçün onunla bacardığımız qədər çox danışmaq, sözləri süni şəkildə qısaltmamaq həmçinin, ətrafındakı əşyaları təsvir etmək də vacibdir: “Uşaqlar artıq 6 ayından başlayaraq hecaları anladıqları kimi deməyə başlayır, 9 ayında isə artıq kiçik sözlərə baba, ana, nənə və s. şəklində deməyə başlayırlar. 1 yaşında 8-10 məntiqli söz ,18 ayında 10-20 kəlimə, 2 yaşında isə artıq ən azı 40 söz bilməli və 2 sadə sözdən ibarət cümlə qurmağa başlayırlar.

Burada ilk baxacağımız hissə diqqət mərhələsidir. Çünki, diqqəti formalaşmayan və ya diqqətini verə bilməyən uşaqlarda 2-ci mərhələ, yəni anlama formalaşmayacaq. Uşağın diqqəti formalaşmadıqca, anlamasında problem olacaq, anlamasında problem olan uşaq da informasiyanı qavraya bilməyəcək. Beləliklə, bu da onun özünü ifadə etməsində və nitqində problemlərin yaranmasına gətirib çıxaracaq.

Bəzən valideynlər nitqi olmayan uşağı bağçaya qoyurlar və bu prosesin uşağın nitqinin açılmasına kömək olacağını düşünürlər. Ancaq, qeyd etmək lazımdır ki, bu doğru yanaşma üsulu deyil. Bağça nitqi olan, özünü müəyyən qədər ifadə etməyi bacaran uşaqlar üçün çox effektivdir. Belə halda peşəkar loqopedik dəstək önəmlidir. Loqopedin yardımı ilə nitqi pozan, inkişaf geriləməsinə səbəb olan amil tapılır və korreksiya olunur. Bərabərində ehtiyac yaranarsa psixoloji dəstək də alıb daha erkən nəticə almaq olar. Çünki, bir çox hallarda nitq problemləri olan uşaqlarda paralel olaraq aqressiya, gərginlik, hiperaktivlik və s. müşahidə olunur.

Burada ekran asılılığı, telefon aslılığını da vurğulamaq lazımdır. Belə ki, 3 yaşa qədər uşaqların mobil cihazlardan uzaq tutulması lazımdır. Əks halda bu nitq inkişafında geriləməyə və yaxud nitq inkişafında ləngimə olan uşaqların narahatlıqlarını daha da atıra bilər. Nitq və təfəkkür bir-birinə bağlı olduğu üçün müəyyən müddət sonra nitq ləngimələri bəarabərində təfəkkürdə də problemlərə, ləngiməyə gətirib çıxara bilir. Eyni zamanda telefona, televizora çox baxan uşaqlar valideynləri, həmyaşıdları ilə ünsiyyətdən qaçır. Uşaqlar böyükləri təqlid edir. Əgər valideynlər telefondan çox istifadə edirsə, uşaq da eyni vərdişi təkrarlayacaq. Ailəvi telefon istifadəsi qaydaları müəyyən etmək faydalı olar. Əgər uşaq telefon istifadəsini azaldırsa, onu mükafatlandırın, məsələn, birlikdə parka getmək, sevdiyi yeməyi bişirmək və s. qeyd edə bilərik. Cəza vermək əvəzinə, müsbət motivasiya yaratmaq faydalıdır. Yaxşı olar ki, valideynlər azyaşlılarla daha çox ünsiyyət qursunlar. Həmçinin, onlarla danışıq bacarığını inkişaf etdirəcək oyunlar oynasınlar, günün müəyyən hissəsini birlikdə zaman keçirsinlər.

Hər uşağın inkişaf mərhələsi fərqlidir, ancaq diqqətli olub övladınızın inkişaf mərhələlərinin necə getdiyini nəzərdə saxlamaq və zamanında peşəkar dəstək almaq lazımdır".