AzMİU beynəlxalq konsorsiuma üzv seçilib - FOTOLAR

3 Oktyabr 2025 13:25 (UTC+04:00)

Azərbaycan Memarlıq və İnşaat Universiteti (AzMİU) beynəlxalq əməkdaşlıq istiqamətində daha bir mühüm uğura imza atıb. Qazaxıstanın Almatı şəhərində keçirilən BRAUIC (Bir Kəmər, Bir Yol Memarlıq Universitetləri Beynəlxalq Konsorsiumu) Forumunda AzMİU bu nüfuzlu təşkilata rəsmi üzv qəbul olunub. AzMİU-dan SİA-ya bildirilib ki, “Qlobal Horizon” devizi altında keçirilən forum Beynəlxalq Təhsil Korporasiyası (KazGASA) tərəfindən təşkil olunub. Tədbirdə memarlıq və inşaat sahəsində beynəlxalq təhsil, elm və biznes tərəfdaşlığı çərçivəsində rəqəmsal və davamlı inkişaf strategiyaları müzakirə olunub.

Pekin İnşaat və Memarlıq Universitetinin təşəbbüsü ilə 2017-ci ildə yaradılan BRAUIC konsorsiumu “Bir kəmər, bir yol” qlobal təşəbbüsünün tərkib hissəsidir. Təşkilatın əsas məqsədi memarlıq və inşaat sahəsində beynəlxalq təhsil və elmi əməkdaşlığı gücləndirməkdir. Hazırda konsorsiuma 39 ölkədən 91 ali təhsil müəssisəsi daxildir.

Forum çərçivəsində AzMİU nümayəndələri Asiyanın, xüsusən də Çinin aparıcı universitetlərinin rəhbərləri ilə görüşlər keçirib. Görüşlərdə tələbə və müəllim mübadiləsi, birgə elmi layihələr, ikili diplom proqramları və qarşılıqlı akademik əməkdaşlıq perspektivləri müzakirə edilib.

Ən önəmli məqamlardan biri isə AzMİU-nun BRAUIC konsorsiumuna üzv qəbul olunmasıdır. Bununla da AzMİU bu beynəlxalq quruma üzv olan ilk və yeganə Azərbaycan universiteti statusunu qazanıb. Bu hadisə universitetin beynəlxalq nüfuzunun möhkəmlənməsi, Azərbaycan ali təhsil məkanının isə beynəlxalq platformalarda daha geniş təmsil olunması baxımından mühüm əhəmiyyət kəsb edir.