Memarlıq və İnşaat Universiteti alimlərinin ixtirasına patent verildi

3 Oktyabr 2025 13:24 (UTC+04:00)

Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) 2025 0032 saylı “Beton və inşaat qarışıqları üçün üzvi-mineral modifikatorun alınma üsulu” adlı ixtirasına Əqli Mülkiyyət Agentliyinin tabeliyində olan Patent və Əmtəə Nişanlarının Ekspertizası Mərkəzi tərəfindən müsbət qərar verilib. AzMİU-dan SİA-ya bildirilib ki, patentin müəllifləri Materialşünaslıq kafedrasının professoru, Texnologiyaların Transferi Mərkəzinin müdiri professor Abbas Quvalov və həmin kafedranın dosenti Səidə Abbasovadır.

Yeni ixtira beton və inşaat qarışıqlarının keyfiyyətini artırmaq məqsədilə üzvi-mineral modifikatorların əldə olunmasını nəzərdə tutur. Bu texnologiya tikinti sənayesinə mühüm üstünlüklər qazandırır. Belə ki, modifikatorun tətbiqi nəticəsində betonun suya və şaxtaya davamlılığı yüksəlir, çatlama və deformasiyalara qarşı dayanıqlıq əhəmiyyətli dərəcədə artır. Bununla yanaşı, yeni texnologiya ekoloji baxımdan daha təhlükəsizdir və dayanıqlı inkişaf prinsiplərinə xidmət edir.

İqtisadi baxımdan da böyük səmərəlilik təmin edən bu üsul əlavə enerji və xammal sərfinin azalmasına, nəticədə isə tikinti şirkətlərinin daha az xərc hesabına yüksəkkeyfiyyətli nəticə əldə etməsinə şərait yaradır. İxtira yaşayış binalarının inşasında, sənaye obyektlərinin tikintisində, yol və körpü layihələrində, eləcə də hidrotexniki qurğuların yaradılmasında uğurla tətbiq oluna bilər.