"Böyük Qayıdış və Laçına köç Azərbaycanın strateji və sosial inkişafını gücləndirir" - MÖVQE BİLDİRİLDİ

3 Oktyabr 2025 12:42 (UTC+04:00)

"Böyük Qayıdış proqramı Azərbaycanın dövlət siyasətinin ən mühüm istiqamətlərindən biridir və bu layihə sadəcə bərpa-quruculuq tədbirləri ilə məhdudlaşmır, eyni zamanda xalqımızın tarixi yaddaşının, milli kimliyinin və ədalət prinsiplərinin təntənəsini ifadə edir". Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Aydın Mirzəzadə deyib.

Onun sözlərinə görə, işğaldan azad olunmuş torpaqlar uzun illər ərzində dağıntılara məruz qalıb, oradakı infrastruktur yerlə-yeksan edilib. Lakin hazırda dövlətimizin həyata keçirdiyi genişmiqyaslı işlər - yolların, hava limanlarının, yaşayış məntəqələrinin bərpası, iqtisadi fəaliyyətin bərpa edilməsi bu ərazilərin gələcək inkişafını təmin edir və regionu strateji mərkəzə çevirir: "Son Laçına köç bu prosesin simvolik zirvələrindən biridir. Çünki Laçın strateji mövqeyi, həm coğrafi baxımdan, həm də təhlükəsizlik baxımından mühüm əhəmiyyət daşıyır. Əhalinin doğma yurdlarına qayıtması təkcə sosial məsələ deyil, həm də dövlətin suverenliyinin və ərazi bütövlüyünün praktiki təminatıdır. Laçına köçürülən ailələr artıq təkcə öz evlərinə dönmürlər, onlar həm də Azərbaycan dövlətçiliyinin, milli həmrəyliyin canlı rəmzinə çevrilirlər. Siyasi baxımdan bu proses Azərbaycanın beynəlxalq mövqeyini gücləndirir. Çünki rəsmi Bakı dünyaya nümayiş etdirir ki, bu torpaqlar üzərində yalnız hərbi qələbə qazanmaqla kifayətlənməyib, həm də dinc həyatın bərpasını təmin edir. Sosial müstəvidə isə yeni iş yerlərinin yaradılması, təhsil və səhiyyə infrastrukturu ilə təmin olunmuş kənd və şəhərlərin salınması region əhalisinin rifahını yüksəldəcək, miqrasiya proseslərini dayandıracaq.

Strateji planda isə Böyük Qayıdış və xüsusilə Laçının yenidən məskunlaşdırılması Azərbaycanın regional təhlükəsizliyinin əsas dayaqlarından birinə çevrilir. Bu həm Zəngəzur dəhlizi kimi layihələrin reallaşmasına təkan verir, həm də regionda Azərbaycanı mühüm iqtisadi və siyasi güc mərkəzi kimi möhkəmləndirir. Beləliklə, Böyük Qayıdış və Laçına köçürülmə təkcə keçmişə dönüş deyil, həm də gələcəyə inamlı addımdır. Bu, Azərbaycanın milli dirçəliş layihəsidir və ölkənin strateji inkişaf yolunun ən parlaq nümunələrindən biri kimi tarixə düşür".