Azərbaycanda keçirilən III MDB Oyunlarını Diaspor Fəaliyyətinə Jurnalistlərin Dəstəyi İctimai Birliyi də dünya mediasının gündəminə gətirib. Belə ki, bu mötəbər tədbirlə bağlı İctimai Birliyin sədri Fuad Hüseynzadənin “Azərbaycanda III MDB Oyunları: idman, dostluq və qürur bayramı” sərlövhəli məqaləsi Rusiya, Özbəkistan, Qazaxıstan, Küveyt, Ukrayna, Türkiyə və Pakistan saytlarında, eyni zamanda, bu ölkələrin sosial şəbəkə seqmentində dərc olunub. SİA xəbər verir ki, məqalələrdə III MDB oyunları haqqında məlumat verilir, hələ davam edən bu yarışın uğurla keçirilməsinin Azərbaycanın yüksək təşkilatçılıq bacarığından irəli gəldiyi qeyd olunur.
Bildirilir ki, sentyabrın 25-də Gəncə şəhərində keçirilən təntənəli açılış mərasimi MDB məkanında həm idman, həm də dostluq və qarşılıqlı anlaşma baxımından əlamətdar hadisəyə çevrilib. Mərasimdə Azərbaycanın milli mədəniyyəti, tarixi və müasir inkişafı müxtəlif musiqi, rəqs və teatr kompozisiyaları vasitəsilə nümayiş etdirilib. Xalq rəqsləri və səhnəciklər tədbirə xüsusi rəng qatıb.
Yazıda III MDB Oyunlarının təkcə idman yarışı kimi deyil, həmçinin mədəniyyətlərarası dialoqun və gənclər arasında dostluğun möhkəmləndirilməsi baxımından mühüm əhəmiyyət daşıdığı vurğulanır. Qeyd edilir ki, yarışlar yalnız Gəncə ilə məhdudlaşmır, eyni zamanda, Yevlax, Mingəçevir, Qəbələ, Şəki, Göygöl və Xankəndi şəhərlərində də təşkil olunur. Bu isə regionlarda idmanın inkişafına və turizmin canlanmasına müsbət təsir göstərir.
Müəllif sonda diqqətə çatdırır ki, Azərbaycanın uğurla ev sahibliyi etdiyi bu kimi beynəlxalq tədbirlər, o cümlədən Avropa Oyunları, İslam Həmrəyliyi Oyunları və Formula 1 ölkənin yüksək təşkilatçılıq qabiliyyətini bir daha nümayiş etdirir. III MDB Oyunları isə idmanın sərhədsiz birləşdirici gücünü və mədəni diplomatiyanın əhəmiyyətini bir daha ortaya qoyur. AZƏRTAC